SİYASƏT
İSVEÇ AZƏRBAYCANLILARI KONQRESİ TƏSİS EDİLMİŞDİR
Bakı, 8 iyun (AZƏRTAC). Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən bildirmişlər ki, Stokholmdakı “Radisson Blue Royal Viking” otelinin konfrans salonunda 15 Azərbaycan diaspor təşkilatının iştirakı ilə İsveç Azərbaycanlıları Konqresinin təsis qurultayı keçirilmişdir. İsveç Krallığında bu qurumu yaratmaqda məqsəd Azərbaycan həqiqətlərini, tarixini, mədəniyyətini ölkənin ictimaiyyətinə çatdırmaq, Azərbaycan icmaları, cəmiyyətləri arasında əlaqələri inkişaf etdirmək, onların imkanlarını və güclərini səfərbər etmək, həmin qurumların fəaliyyətini əlaqələndirmək, mövcud problemlərin həllinə birlikdə nail olmaqdır. Qurultayda Azərbaycan Respublikasının İsveç Krallığındakı səfiri Rafael İbrahimov, Türkiyə və Gürcüstanın bu ölkədəki səfirliklərinin nümayəndələri, İsveç- Türk Federasiyasının təmsilçiləri, Krallığın milli azlıqlarla iş üzrə dövlət qurumunun nümayəndəsi, Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları iştirak etmişlər. Tədbirdə səfir Rafael İbrahimov, Dövlət Komitəsinin şöbə müdiri İlham Məmmədov, İsveç- Türk Federasiyasının sədri Hesen Dölek, İsveç milli azlıqlarla iş üzrə dövlət qurumunun məsul işçisi Janne Holstrom çıxış etmişlər.
Qurultayda İsveç Azərbaycanlıları Konqresinin İdarə Heyəti müəyyən edilmiş, Emil Mirzəyev konqresin sədri seçilmişdir.