DÜNYA
İsveçdə cinayətkarlığın artmasına görə sentyabr “qara” ay adlandırılıb
Stokholm, 29 sentyabr, Nərgiz Cəfərli, AZƏRTAC
İsveçi cənginə alan zorakılıq dalğası ən azı on bir nəfərin həyatla vidalaşmasına səbəb olub. Bu, təkcə sentyabr ayına olan statistik rəqəmdir.
AZƏRTAC xəbər verir ki, ölkənin hakimiyyət orqanları krallıqda cinayətkarlığın misli görünməmiş şəkildə artmasına görə sentyabrı “qara ay” adlandırıblar. On bir nəfər odlu silahdan açılan atəş nəticəsində qətlə yetirilib, İsveçin mərkəzindəki yaşayış binalarında baş verən iki güclü partlayış isə ən azı üç nəfərin yaralanması ilə nəticələnib. İsveçdə odlu silahdan açılan atəş nəticəsində bütün digər Skandinaviya ölkələrinin hamısı ilə müqayisədə altı dəfə çox insan ölümü halları qeydə alınır.
Quldurluqla bağlı münaqişələr nəticəsində bu qədər insanın həlak olması halları 2019-cu ildən bəri baş verməyib.
Vəziyyətin ciddiliyi ilə əlaqədar olaraq, İsveç hakimiyyət orqanları asayişin qorunmasına hərbçilərin cəlb olunmasını planlaşdırır.
Cinayəti törədənlər və onların qurbanları arasında yetkinlik yaşına çatmamış və cinayətkarlığa cəlb edilmiş şəxslər daha çox üstünlük təşkil edir, çünki onlara qarşı daha yumşaq ittiham irəli sürülür. İsveç hökuməti cinayətkarlığa görə məsuliyyətin minimal yaşının azaldılması məsələsini nəzərdən keçirir.
Yaxşı silahlanmış cinayətkar şəbəkələr effektiv kriminal logistika yaradılmasına nail olublar. Onlar öz “bizneslərinin” fəal işləyə bilməsi üçün adətən sosial şəbəkələrdən, çat proqramlarından istifadə edirlər. Son vaxtlar yeniyetmələrin sifarişli qətlləri törətdikdən sonra brend univermaqlara gedərək külli məbləğdə nağd vəsaitlə alış-veriş etməsi halları artıb. Buna görə də NK (Nordiska Kompaniet) adlı ticarət mərkəzi cinayətkarların “çirkli” pulları nağdlaşdırmalarına mane olmaq üçün nağd vəsaitlərlə alış-veriş edilməsinə məhdudiyyət tətbiq edib.
Stokholm Universitetinin kriminologiya professoru Felipe Estrada qeyd edir ki, sözügedən zorakılıq halları dalğasının başlanğıcında qeydə alınan və adətən gecə saatlarında törədilən qətllər və partlayışlar əvvəlcədən planlaşdırılmış cinayətlər olsa da, son günlərdə ictimai yerlərdə silahlı atışma halları əsasən gündüz saatlarında baş verir və artıq çoxlu sayda günahsız insanın zərər çəkməsinə səbəb olur.
2023-cü ilin doqquz ayında baş verən partlayış hallarının sayı artıq 124-ə çatıb, halbuki bütün 2022-ci il ərzində bu rəqəm cəmi 90-a bərabər olub.