İSVEÇRƏ AZƏRBAYCANLA ƏLAQƏLƏRİN İNKİŞAFINDA MARAQLIDIR
Görüşün hər iki tərəf üçün əhəmiyyətini vurğulayan nazir E.Məmmədyarov, ilk öncə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan sülh danışıqları barədə ətraflı məlumat vermiş, münaqişənin regionda sülhə, sabitliyə və inteqrasiyaya mənfi təsir göstərdiyini diqqətə çatdırmışdır. O, Azərbaycanın mədəni irsinin həm Ermənistan ərazisində, həm də işğal olunmuş torpaqlarda məhv edilməsi haqda məlumat vermişdir.
İkitərəfli münasibətlərə toxunan nazir, iqtisadi sahədə əməkdaşlıq imkanlarından danışmış, İsveçrə ilə Azərbaycan arasında ticarət dövriyyəsinin çox aşağı olduğunu və yaxın gələcəkdə bunun aradan qaldırılacağına ümid etdiyini bildirmişdir.
E.Məmmədyarov ölkəmizdə həyata keçirilən mühüm iqtisadi layihələr, Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri haqqında məlumat vermiş, qeyri-neft sektorunun inkişafı istiqamətində görülən tədbirləri qeyd etmişdir.
Mişlin Kalmi-Rey ikitərəfli əlaqələrin möhkəmləndirilməsinin vacibliyini vurğulamış, bunun üçün böyük potensial olduğunu söyləmişdir. Ölkələrimiz arasında ticarət dövriyyəsinin və sərmayə qoyuluşunun aşağı səviyyədə olması ilə razılaşan M.Kalmi-Rey tərəflər arasında iqtisadi sahədə imzalanacaq sazişlərin bu baxımdan böyük əhəmiyyət kəsb etdiyini diqqətə çarpdırmışdır.
İsveçrənin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həllində maraqlı olduğunu bildirən xanım Mişlin Kalmi-Rey ölkəsinin Azərbaycan və Ermənistan prezidentləri arasında dialoqun təşkilinə yardımçı olmaq marağını bildirmişdir.
Görüşdə siyasi və humanitar əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilmiş, qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılmışdır.
Ölkələrimizin Dünya Bankı və Beynəlxalq Valyuta Fondu çərçivəsində uğurla əməkdaşlıq etdiyini bildirən isveçrəli diplomat, ölkəsinin Azərbaycanda diplomatik nümayəndəliyinin açılmasında maraqlı olduğunu demişdir.
Görüşdə “Azərbaycanın Xarici İşlər Nazirliyi və İsveçrənin Xarici İşlər Departamenti arasında miqrasiya üzrə birgə Bəyanat” imzalanmışdır.