İsveçrə hətta Avropa ölçülərinə görə unikal ölkədir
Azərbaycanın İsveçrə Konfederasiyasındakı səfiri Əkrəm Zeynallı yerli “Naşa qazeta”ya müsahibə verib
Bakı, 25 may, AZƏRTAC
Azərbaycanın İsveçrə Konfederasiyasındakı səfiri Əkrəm Zeynallı yerli “Naşa qazeta”ya müsahibəsində Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) tarixindən söz açıb.
Səfir qeyd edib ki, 98 il əvvəl mayın 28-də müsəlman dünyasında ilk demokratik respublika - Azərbaycan Xalq Cümhuriyyəti elan edilib. Həmin gün qəbul olunan İstiqlal Bəyannaməsində Azərbaycanda demokratik parlamentli müstəqil respublikanın yaradılması elan olunub və bildirilib ki, Azərbaycanda yaşayan xalqlar suveren hüquqların daşıyıcılarıdırlar. Azərbaycan Xalq Cümhuriyyəti dövründə milliyyətindən və dini mənsubiyyətindən asılı olmayaraq, bütün vətəndaşlar hüquq və azadlıqlarla təmin olunublar. Müsəlman dünyasında ilk dəfə qadınlara seçki hüququ verilib ki, bu da İsveçrədə olduğundan 43 il əvvəl baş verib. Təəssüf ki, AXC-nin ömrü qısa olub. 1920-ci il aprelin 28-də bolşevik ordusu tərəfindən işğal edilən Azərbaycan müstəqilliyini itirib. AXC-nin mövcud olduğu 23 ay ərzində bir sıra mütərəqqi qanunlar qəbul edilib, siyasi, hərbi, hüquqi və iqtisadi islahatlar aparılıb, dövlət orqanları yaradılıb, Azərbaycanda ilk universitetin əsası qoyulub. AXC parlamenti ABŞ-da və bəzi Avropa ölkələrində, o cümlədən İsveçrədə səfirliklərin təsis olunması barədə qərar qəbul edib. Xalq Cümhuriyyətinin ömrü qısa olduğuna görə, təəssüf ki, bu qərar gerçəkləşməyib. Yalnız Azərbaycan dövlət müstəqilliyini 1991-ci ildə bərpa edəndən bir neçə il sonra Berndə səfirlik açılıb və bu gün Azərbaycan Respublikasının bayrağı İsveçrədə dalğalanır.
Öz işi haqqında danışan səfir A.Zeynallı bildirib ki, İsveçrə hətta Avropa ölçülərinə görə unikal ölkədir. İsveçrə istər dövlət idarəçiliyi forması, istər iqtisadi model, istərsə də təhsil sistemi və ya sadə isveçrəlilərin həyat tərzi baxımından bənzərsiz ölkədir.
Azərbaycan diplomatı ölkələrimiz arasında sosial və mədəni paralellərə toxunaraq deyib: “Ağla gələn ilk məsələ Azərbaycanda və İsveçrədə uzun əsrlər boyu inkişaf edən, müxtəlif xalqların bir dam, bir bayraq altında dinc yanaşı yaşamasını və qarşılıqlı anlaşmasını təmin edən multikulturalizm ənənələridir. Əxlaqi dəyərlərə, yaşlı nəslə böyük ehtiramla, hörmətlə yanaşmağı, onlara qayğıkeş münasibəti, hər iki ölkənin sakinlərinin zəhmətsevərliyini də vurğulaya bilərəm. Digər oxşar cəhət - məhz sözünün ağası olmaq xüsusiyyəti heç də az əhəmiyyət daşımır”.
Əslində faydalı qazıntıları olmayan İsveçrənin iqtisadi modeli Azərbaycanın postneft dövrü üçün tədqiqat predmeti ola bilər. Azərbaycan öz növbəsində “ASAN” (ingilis dilində “Azerbaijan Service and Assesment Network”) nümunəsi əsasında dövlət-ictimai xidmətləri göstərilməsi üzrə özünün ən müasir modelini təklif edə bilər ki, bu model hətta İsveçrəni maraqlandırmaq iqtidarındadır.
Səfir qarşılıqlı maraq və etimad əsasında durmadan inkişaf edən İsveçrə-Azərbaycan münasibətlərinin səviyyəsini yüksək qiymətləndirib: Azərbaycan bu münasibətlərə böyük əhəmiyyət verir və gələcəkdə əməkdaşlığı bütün sahələrdə möhkəmləndirmək niyyətindədir. Bu baxımdan dövlət başçılarının qarşılıqlı səfərlərini qeyd etmək lazımdır. Məsələn, Konfederasiyanın sabiq prezidenti Didier Burkhalter iki dəfə Azərbaycanda olub: 2014-cü ilin iyununda və 2015-ci ilin iyununda artıq xarici işlər naziri qismində birinci Avropa Oyunlarının açılış mərasimində iştirak etmək üçün. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2007-ci ildən etibarən Davosda Dünya İqtisadi Forumunun ənənəvi görüşlərində müntəzəm iştirak edir və forum çərçivəsində isveçrəli həmkarı ilə mütləq görüşür. İsveçrə Federal Parlamentinin Kantonlar Şurasının sədri Filippo Lombardi 2013-cü ilin iyulunda ölkələrimiz arasında ikitərəfli münasibətlərin tarixi ərzində ilk dəfə Bakıda rəsmi səfərdə olub. Azərbaycan Milli Məclisi sədrinin müavini Bahar Muradova 2015-ci və 2016-cı illərdə Berndə rəsmi və işgüzar səfərlərdə olub. Yohan Şnayder-Amman iqtisadiyyat naziri vəzifəsində və sanballı biznes nümayəndə heyətinin müşayiəti ilə 2013-cü ilin aprelində ilk dəfə Bakıya rəsmi səfərə gəlib. Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev müxtəlif nazirliklərin və yerli şirkətlərin rəhbər şəxslərindən ibarət nümayəndə heyətinin müşayiəti ilə 2014-cü ilin mayında Bernə səfər edib. Birinci geniş biznes forum keçirilib. 2012-ci ildən başlayaraq bütövlükdə İsveçrədə 4 iri İsveçrə-Azərbaycan Biznes-Forumu keçirilib və növbəti forum sabah - mayın 26-da Sürixdə keçiriləcək.
Əkrəm Zeynallı müsahibəsində qeyd edir ki, Azərbaycanın İsveçrənin rəhbərlik etdiyi Beynəlxalq Valyuta Fondunun seçki qrupunda təmsil olunması Azərbaycan-İsveçrə əməkdaşlığının daha bir önəmli faktıdır. Azərbaycanın və İsveçrənin maliyyə nazirləri bu qrupun görüşləri çərçivəsində qarşılıqlı səfərlər ediblər.
İkitərəfli əlaqələr təkcə siyasi və iqtisadi sahələrlə məhdudlaşmır. Səfirliyin səyləri ilə Azərbaycan Aarauda federal folklor musiqisi festivalında, habelə Lütsernedə Dünya Turizm Forumunda qonaq ölkə kimi təmsil olunub.
Sonra səfir qeyd edir ki, iki ölkə arasında parlamentlərarası əlaqələr də çox fəal inkişaf edir. Sevindirici haldır ki, İsveçrə parlamentində azsaylı dostluq qruplarından biri senator Filippo Lombardinin rəhbərlik etdiyi Azərbaycanla dostluq qrupudur. Qrupun 14 üzvü var. Onların 13-ü fəaliyyətdə olan deputat, biri isə fəxri üzv - İsveçrənin siyasi dairələrində çox böyük nüfuza malik sabiq deputat xanım Kristin Egerszegi-Obristdir. Azərbaycan tərəfindən 21 deputatdan ibarət nüfuzlu dostluq qrupuna Milli Məclis sədrinin müavini Bahar Muradova rəhbərlik edir.
Səfir müsahibəsində Azərbaycan rəhbərliyinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində səylərindən, Azərbaycan ilə İsveçrə arasında bütün sahələrdə münasibətlərin inkişaf perspektivlərindən də söhbət açıb.