İsveçrədə koronavirus pandemiyası ilə əlaqədar fövqəladə vəziyyət elan olunub
Bern, 16 mart, AZƏRTAC
İsveçrə hökuməti koronavirus pandemiyası ilə əlaqədar ölkədə fövqəladə vəziyyət elan edib.
AZƏRTAC xəbər verir ki, Avropada infeksiyanın ən sürətlə yayıldığı ölkələr sırasında yer alan və federal strukturuna görə infeksiyaya qarşı mərkəzləşdirilmiş şəkildə fəaliyyət planı tətbiq etməkdə ləngiyən İsveçrə hökuməti, nəhayət, konkret addımlar atmağa başlayıb.
Hökumətin qərarına əsasən, martın 17-dən etibarən ölkədə bütün tədbirlərin keçirilməsi, ictimai iaşə obyektlərinin fəaliyyəti qadağan olunur. Digər ölkələrdə olduğu kimi, İsveçrədə də yalnız əhalinin təminatına xidmət edən obyektlər (ərzaq dükanları, apteklər, poçt, bank, yanacaqdoldurma məntəqələri və s.) fəaliyyətlərini davam etdirə biləcəklər. Ölkədəki fövqəladə vəziyyətlə bağlı tədbirlər aprelin 19-dək davam etdiriləcək.
Hökumət həmçinin Almaniya, Avstriya və Fransa ilə sərhəd nəzarətinin tətbiqinə qərar verib, eyni zamanda xəstəxana və logistika mərkəzlərində yardım üçün səkkiz min hərbçinin cəlb olunması barədə göstəriş verib.
Qeyd edək ki, İsveçrədə yoluxma hallarının sayı 2200-dən yuxarıdır, indiyədək bu infeksiyadan 18 nəfər ölüb.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Bern