İtaliya hökuməti karantin qaydalarının yumşaldılması ilə bağlı “yol xəritəsi“ni təqdim edib
Roma, 22 aprel, AZƏRTAC
İtaliya hökuməti koronavirus pandemiyası ilə əlaqədar ölkədəki fövqəladə vəziyyətin müddətini uzatmaqla yanaşı, gələn həftədən bir sıra məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı “yol xəritəsi“ni təqdim edib.
AZƏRTAC xəbər verir ki, hökumət ölkədə virusa yoluxma tempinin aşağı düşməsini nəzərə alaraq, aprelin 26-dan etibarən bəzi məhdudiyyətlərin tədricən ləğv edilməsi barədə qərar qəbul edib. Plana əsasən, yoluxmanın nisbətən az olduğu “sarı“ və cüzi olduğu “ağ“ regionlarda qastronomiya obyektləri müştərilərə açıq havada xidmət göstərə biləcəklər. Teatr, kino və konsert salonları isə məhdud sayda tamaşaçı ilə fəaliyyətlərini bərpa edə bilərlər.
Yoluxma tendensiyasının artmayacağı təqdirdə, may ayının ortalarından üzgüçülük hovuzları açılacaq, iyunun əvvəlindən isə min nəfərədək tamaşaçının iştirak edəcəyi idman tədbirlərinə icazə veriləcək.
Hökumət bu yumşaltmalarla yanaşı saat 22:00-dan 05:00-a kimi yaşayış ünvanını tərk etmə qadağasını ləğv etməyib. Bu isə ilk növbədə qastronomların tənqidinə tuş gəlib. Eyni zamanda, qeyd edilməlidir ki, fevral ayından hakimiyyətdə olan yeni hökumətdə məhdudiyyətlərin tədricən aradan qalması ilə bağlı fikir ayrılığı mövcuddur. Sağçı-radikal “Leqa“ partiyası gecə qadağasını tamamilə ləğv edilməsini və ya daha gec saata təyin edilməsini tələb edir. Keçmiş daxili işlər naziri Matteo Salvinin rəhbərlik etdiyi bu partiya bir il davam edən qaydalara səbir, riayət və hörmət ardından yeni başlanğıc və qaydalar tələb edib.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Roma