İtaliyanın ANSA xəbər agentliyi turistləri Bakının görməli yerləri ilə bağlı məlumatlandırıb
Roma, 14 fevral, AZƏRTAC
İtaliyanın ANSA xəbər agentliyinin saytında getdikcə müasirləşən Bakının turizm imkanlarının təhlil olunduğu yazı yerləşdirilib.
Yazıda deyilir: “Müasir, parlaq, dəbdəbəli və gözoxşayan - bu sözləri Azərbaycanın paytaxtı Bakıya əminliklə şamil etmək olar. Hazırda bu şəhərə səyahət edən hər kəs burada bir il bundan əvvəl gördüklərindən tam fərqli cəlbedici bir mənzərə ilə qarşılaşır. Müasir Qərb yanaşması və ənənəvi Şərq gözəlliyi bu şəhərdə ahəng təşkil edir. Bakının hər bir nöqtəsində həm müasir təmtəraqlı tikililəri, həm də Azərbaycanın zəngin mədəni irsinin, adət-ənənələrinin və qədim tarixinin izlərini görmək mümkündür. Bu şəhərin mədəni səviyyədə dünyaya təqdim edə biləcəyi imkanları çoxdur. Bu sırada UNESCO-nun Dünya İrs Siyahısına daxil edilən Şirvanşahlar sarayı, Qız qalası kimi abidələri xüsusi qeyd etmək lazımdır. Ümumiyyətlə, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu, Abdulla Şaiq adına Dövlət Kukla Teatrının binası, köhnə hamamlar və bir çox digər obyektlər öz tarixi görkəmi ilə turistləri cəlb edir”.
Məqalədə vurğulanır ki, Böyük İpək Yolu üzərində yerləşən Bakı tarixən tacirlərin və səyahətçilərin əsas məkanlarından biri olub: “Bu şəhərdə muzeylərlə tanışlığa, ilk növbədə, Azərbaycan Xalça Muzeyindən başlamaq lazımdır. Burada saxlanılan minlərlə xalça növü muzeyə gələnlərin böyük marağına səbəb olur”.
Müəllif yazır: “Müasir Bakıdan danışarkən, ilk növbədə, dünya şöhrətli memar Zaha Hadidin layihəsi əsasında inşa edilmiş Heydər Əliyev Mərkəzindən söz açmaq yerinə düşər. Müasir Bakının rəmzi sayılan “Alov qüllələri” kompleksi kimi, Heydər Əliyev Mərkəzi də Azərbaycan paytaxtının mənzərəsinə daha bir gözəllik qatır”.
Yazıda zəngin enerji ehtiyatlarına malik Azərbaycanın neft sənayesinin inkişaf tarixindən də bəhs edilir. Bildirilir ki, əsası 1884-cü ildə qoyulmuş, hazırda muzey kimi fəaliyyət göstərən Nobel qardaşlarının iqamətgahı - Villa Petroleaya baş çəkməklə, bu barədə məlumat əldə etmək olar.
Məqalədə, həmçinin Atəşgah məbədindən və 2004-cü ildə yaradılmış Bakı Nobel İrsi Fondundan da söhbət açılır. Qeyd olunur ki, Atəşgah məbədində yerin təkindən çıxan alov hamını heyrətə gətirir.
Maqsud Dadaşov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma