İtaliyanın əksər regionlarında üçüncü lokdaun başlayıb
Roma, 15 mart, AZƏRTAC
Koronavirusa yoluxma hallarının yenidən artması ilə bağlı İtaliyanın əksər regionlarında pandemiya dövründə sayca üçüncü lokdauna start verilib.
AZƏRTAC xəbər verir ki, hər 100 min nəfər əhali üçün yoluxma halı gündəlik 250-dən yuxarı olan regionlar, yəni ölkənin dörddəüç hissəsində lokdaun elan olunub. Pasxa bayramından sonraya kimi (aprelin 6-dək) 20 regiondan 11-də koronavirus işıqfor sistemində ən yüksək qırmızı pillə, digər regionlarda isə narıncı pillə qüvvədə olacaqdır. Yeganə region olaraq Sardiniya adası “ağ region“ kimi ən az məhdudiyyətlər tətbiq etməlidir. İşıqfor sistemində qırmızı rəngdə göstərilən regionlarda martın 15-dən etibarən məktəblər, ali təhsil müəssisələri, kafe və restoranlar bağlı olacaq, eyni zamanda, gündəlik tələbat malları istisna olmaqla ticarət obyektlərinin fəaliyyəti dayandırılacaq. Bu regionların sakinlərinə xüsusi səbəb olmadığı təqdirdə öz regionlarını tərk etməyə icazə verilməyəcək.
İtaliyanın 16 regionunda həftəlik reproduksiya əmsalı 1-dən yuxarıdır. Bu gedişatı nəzərə alaraq hökumət Pasxa bayramı günlərində ölkənin bütün ərazisini “qırmızı zona“ elan edib. Yeni Baş nazir Mario Draqi sentyabr ayına kimi ölkə əhalisinin 80 faizinin koronavirusa qarşı peyvənd olunmasına çalışır. Hökumətin yeni vaksinasiya planına əsasən, gündəlik istifadə edilən peyvənd dozalarının miqdarı 170 mindən yarım milyona çatdırılmalıdır. Aprel ayının ortaları “Johnson & Johnson“ şirkətinin təqdim edəcəyi 7,3 milyon doza vaksinasiya kampaniyasının sürətlənməsinə kömək etməlidir.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Roma