İtaliyanın “Lavorare all estero” portalı Azərbaycanın sürətlə inkişaf etdiyini yazır
Roma, 4 noyabr, AZƏRTAC İtaliyanın daha bir xəbər portalında - “Lavorare all estero”da Azərbaycanın sürətli iqtisadi inkişafından, ölkəmizdə əldə olunan nailiyyətlərdən bəhs edən məqalə yerləşdirilib.
Müəllif oxucuları postsovet məkanında dinamik inkişafına görə fərqlənən Azərbaycanı daha yaxından tanımağa çağırır və ölkəmizdəki bu tərəqqini statistik rəqəmlərlə göstərir. Bildirilir ki, Azərbaycanda işsizliyin səviyyəsi xeyli dərəcədə aşağı düşüb. Dünya ölkələrinin çətin iqtisadi vəziyyətdə olduğu dövrdə belə Azərbaycanda inkişaf prosesi davam edir. Daxili və xarici sərmayə yatırımlarının həcmi getdikcə artmaqdadır. Bu ölkədə neft sektoru ilə yanaşı, qeyri-neft sahəsinin inkişafına da xüsusi önəm verilir. Tikinti və infrastruktur layihələri bu baxımdan xüsusi yer tutur.
İtaliya-Azərbaycan əlaqələrinə toxunulan yazıda diqqətə çatdırılır ki, italiyalı iş adamları bu ölkədə fəaliyyət göstərməkdə maraqlıdırlar. Nəzərə alsaq ki, hazırda Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsi istiqamətində böyük işlər görülür, İtaliya şirkətləri bu imkandan geniş istifadə edə bilərlər.
Maqsud Dadaşov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma