İtaliyanın qaz anbarlarının doluluq nisbəti 97 faizi keçib
Roma, 10 oktyabr, AZƏRTAC
İtaliyadakı yeraltı təbii qaz anbarlarının doluluq nisbəti 97 faizdən yuxarıdır.
AZƏRTAC xəbər verir ki, bu barədə “Gas Infrastructure Europe” məlumat yayıb.
Bildirilir ki, hazırda İtaliyanın yeraltı qaz anbarlarının doluluq nisbəti 97,22 faizə (təxminən 20 milyard kubmetr) bərabərdir. İtaliya bu göstərici ilə Almaniyadan (97,28 faiz - 25 milyard kubmetr) sonra ikinci yerdədir. Sonrakı pillələrdə 96,68 faizlə (14 milyard kubmetr) Niderland və 95,82 faizlə (13 milyard kubmetr) Fransa qərarlaşıb.
İtaliyanın qaz anbarlarının doluluq nisbətini sürətlə artırmasında Azərbaycan qazının böyük payı var. Belə ki, ölkəmiz hazırda İtaliyanın ikinci qaz təchizatçısıdır. TAP boru kəməri ilə cari ildə Avropaya 7 milyard kubmetrdən çox “mavi yanacaq” ötürülüb. Bu həcmin böyük hissəsi İtaliyanın payına düşüb. 2020-ci ilin dekabr ayında TAP-la kommersiya qaz nəqlinə başlandığı vaxtdan ötən müddət ərzində isə boru kəməri ilə Avropaya 28,2 milyard kubmetrdən çox təbii qaz nəql olunub. Bunun 23,6 milyard kubmetri İtaliyaya çatdırılıb.
Qitə üzrə yeraltı qaz anbarlarının doluluq nisbəti hazırda 97 faizə (təxminən 113 milyard kubmetr) çatıb. Avropa İttifaqına üzv 27 ölkədən 18-də yerləşən bu anbarlarda ümumilikdə 116 milyard kubmetr qaz saxlamaq mümkündür. 2023-cü il noyabrın 1-dək qaz anbarlarının doluluq nisbətini 90 faizə çatdırmağı hədəfləyən Aİ ölkələri bu göstəriciyə nəzərdə tutulan tarixdən iki ay əvvəl çatmağa nail olub.
Beynəlxalq Enerji Agentliyi Avropanın yeraltı qaz anbarlarının doluluq nisbətinə baxmayaraq, qış fəslinin sərt keçəcəyi və Rusiya qazında kəsintilər səbəbindən qitədə “mavi yanacaq” çatışmazlığı yaşana biləcəyi barədə xəbərdarlıq edib.
Qeyd edək ki, Avropa İttifaqı ölkələri təbii qazın 17 faizini hələ də Rusiyadan alır.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma