İtaliyaya gələn azyaşlı miqrantlar yaşlarını gizlədəcəkləri təqdirdə deportasiya ediləcək

Roma, 28 sentyabr, AZƏRTAC
Valideyn müşayiəti olmadan İtaliyaya gələn azyaşlı mühacirlər dövlət qurumlarına yaşları ilə bağlı yalan məlumat verəcəkləri təqdirdə ölkədən deportasiya olunacaq.
AZƏRTAC xəbər verir ki, bu barədə İtaliya Nazirlər Şurası qərar qəbul edib.
İtaliya hökuməti ölkəyə qeyri-qanuni yollarla gələn immiqrantlarla bağlı hüquqi tənzimləmələri sərtləşdirməkdə davam edir. Qərarda İtaliyada uzun müddət qanuni yaşayan mühacirlərin ictimai asayişi pozduqda və təhlükəsizliyə təhdid yaradacaqları təqdirdə deportasiya prosedurlarının daha effektiv həyata keçiriləcəyi qeyd olunub. Bundan başqa, qeyri-qanuni mühacirlərin daha çox olduğu və cinayət hadisələrinin artdığı dəmiryolu stansiyalarında patrul xidməti üçün əlavə 400 əsgər ayrılacaq.
Baş nazir Ciocia Meloni bildirib ki, yeni qərar təhlükəli qeyri-qanuni mühacirlərin deportasiyasını sürətləndirəcək, bütün qadınların və uşaqlar müdafiəsini tam təmin edəcək.
İtaliya son illərdə Şimali Afrikadan Avropaya qeyri-qanuni miqrasiya yollarından birinə çevrilib. Daxili İşlər Nazirliyinin məlumatına görə, cari il yanvarın 1-dən sentyabrın 27-dək ölkəyə dəniz yolu ilə 133 min 131 miqrant gəlib. Ötən ilin eyni dövründə isə bu rəqəm 70 min 320 nəfər olub.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma