İYULDA BİR SIRA BÖLGƏLƏRDƏ YAĞINTI NORMADAN ARTIQ OLACAQDIR
İyulun birici ongünlüyündə qeyri-sabit hava şəraiti, güclü külək, bəzi günlərdə axşam və gecə saatlarında yağış və şimşək, dağlıq və dağətəyi rayonlarda leysan gözlənilir. Qərb rayonlarında dolu düşəcəyi istisna deyildir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AZƏRTAC-a bildirmişlər ki, Bakıda və Abşeron yarımadasında havanın orta aylıq temperaturu +24-26 dərəcə (gecə 21-24, gündüz 28-32 dərəcə, ayın ortalarında ayrı-ayrı günlərdə 34-37 dərəcəyə çatacaqdır), yağıntının səviyyəsi normadan artıq (2-3 mm) olacaqdır.
Tez-tez şimal-qərb küləyi əsəcəkdir.
Naxçıvan Muxtar Respublikasında havanın orta aylıq temperaturu +24-27 dərəcəyə çatacaq (gecə 17-20 dərəcə isti, gündüz 33-36 dərəcə isti, bəzi günlərdə 38 dərəcəyə qalxacaq), yağıntının səviyyəsi normaya yaxın (6-16 mm) olacaq.
Yuxarı Qarabağ, İstisu-Laçın və Daşkəsən-Gədəbəydə havanın orta aylıq temperaturu +16-19 dərəcə (gecə 12-16, gündüz 20-25 dərəcəyə, bəzi günlərdə 27-30 dərəcəyə çatacaq) təşkil edəcək, yağıntının səviyyəsi normaya yaxın (44-73 mm) olacaqdır.
Qazax-Gəncə, Ağdam-Füzuli-Cəbrayıl zonasında orta aylıq temperatur +24-26 dərəcə (gecə +16-21, gündüz +27-32, bəzi günlərdə 34-37 dərəcə), yağıntının səviyyəsi normadan artıq (10-32 mm) olacaqdır.
Balakən-Şəki-Qəbələ, Şamaxı-İsmayıllı, Quba-Qusar-Xaçmazda orta aylıq temperaturun 23-25 dərəcə isti (gecə 16-20 dərəcəyə, gündüz 25-30 dərəcəyə, bəzi günlərdə 34 dərəcəyə çatacaq), yağıntının səviyyəsinin normadan artıq (9-118 mm) olacağı gözlənilir.
Mərkəzi aran rayonlarında orta aylıq temperatur +25-28 dərəcə (gecə +19-23 dərəcə, gündüz +32-35 dərəcə, bəzi günlərdə 39 dərəcə), yağıntının səviyyəsi normaya yaxın (3-21 mm) olacaqdır.
Masallı-Lənkəran-Astarada orta aylıq temperatur +23-25 dərəcə (gecə +18-23, gündüz +28-32 dərəcəyə, ayın ortalarında 34-36 dərəcəyə çatacaq), yağıntının səviyyəsi normaya yaxın (20-25 mm) olacaqdır.