İZMİRDƏ PREZİDENT HEYDƏR ƏLİYEVİN XATİRƏSİNİ ANMA MƏRASİMİ
AZƏRTAC-ın müxbiri xəbər verir ki, zəmanəmizin böyük siyasi xadimi Heydər Əliyevin əziz xatirəsi tədbir iştirakçıları tərəfindən bir dəqiqəlik sükutla yad edilmişdir. Azərbaycan Təhsil Nazirliyinin Türkiyədəki nümayəndəsi Nəcibə Nəsibova anma mərasimini giriş sözü ilə açmış, böyük öndərin misilsiz fəaliyyətindən danışmışdır. Tədbirdə çıxış edən Bornova bələdiyyəsinin başçısı Çingiz Bulud müasir dövrdə Azərbaycanın beynəlxalq aləmdə tanınmasında və nüfuz qazanmasında Heydər Əliyevin danılmaz əməyi və böyük rolu olduğunu vurğulamışdır. Anma mərasimində İstanbuldakı Azərbaycan mədəniyyət və həmrəylik təşkilatının nümayəndəsi Ülviyyə Qasımova, İzmirdəki Azərbaycan mədəniyyət və həmrəylik cəmiyyətinin üzvü Turqut Arat çıxış etmişlər.
Sonra Türkiyənin bir çox şəhərində təhsil alan minlərlə tələbələrimizin imzası ilə adı əfsanələşmiş ümummilli rəhbərimiz Heydər Əliyevə yazdıqları rəmzi məktubun mətni oxunmuşdur.