Kaliforniya telekanallarında Xocalı qətliamı haqqında verilişlər nümayiş etdiriləcəkdir
Vaşinqton, 27 fevral (AZƏRTAC). Azərbaycanın Los-Ancelesdəki baş konsulluğunun dəstəyi və Kaliforniyada fəaliyyət göstərən Amerikada Şimali Azərbaycan Mədəniyyət Cəmiyyətinin təşkilatçılığı ilə Kaliforniyanın Palo Alto şəhərində yerləşən ictimai televiziyanın studiyasında Xocalı soyqırımının 21-ci ildönümünə həsr olunmuş televiziya verilişinin çəkilişi aparılmışdır. Veriliş fevralın 26-dan başlayaraq bir ay ərzində Palo Alto, Stanford, Menlo Park, Atherton və digər şəhərlərin ictimai televiziya kanallarında nümayiş etdiriləcək, 500 mindən çox tamaşaçı tərəfindən izləniləcəkdir.
Amerikada Şimali Azərbaycan Mədəniyyət Cəmiyyətinin fəallarından olan Zərifə Musayeva verilişdə Xocalı soyqırımını anma gününün önəmindən bəhs etmiş və faciə nəticəsində qətlə yetirilmiş günahsız soydaşlarımızın xatirəsinin heç bir zaman unudulmayacağını bildirmişdir. Z.Musayeva Xocalı həqiqətlərinin ABŞ-da yayılması sahəsində son illərdə mühüm nailiyyətlərin əldə olunduğunu və belə televiziya verilişlərinin soyqırımı barədə amerikalıların məlumatlandırılması baxımından önəmli olduğunu qeyd etmişdir.
Sonra söz Montana Universitetinin professoru, Xocalı soyqırımı baş verərkən bu barədə ABŞ KİV-lərində, o cümlədən “Washington Post” qəzetində məqalələr dərc etdirmiş Tomas Qoltsa verilmişdir. T.Qolts çıxışında Ermənistanın Azərbaycana qarşı təcavüzü, Azərbaycan ərazilərini işğal etməsi, yüz minlərlə azərbaycanlını öz doğma torpaqlarından didərgin salması barədə ətraflı məlumat vermiş, 21-ci əsrdə belə ədalətsizliyin hələ də davam etməsinin tamamilə qəbuledilməz olduğunu bildirmişdir. Sonra natiq Xocalı soyqırımı haqqında danışaraq, bu qətliamın necə baş verməsi, kimlər tərəfindən törədilməsi barədə tamaşaçıları məlumatlandırmışdır. Soyqırımı baş verən günlərdə Qarabağda olduğunu və amansızcasına qətlə yetirilmiş günahsız insanların cəsədlərini öz gözləri ilə gördüyünü bildirən T.Qolts bu görüntüləri heç zaman unuda bilməyəcəyini demiş və belə amansız cinayəti törətmiş şəxslərin hələ də azadlıqda gəzməsinin, hətta Ermənistan hakimiyyətində yüksək vəzifələr tutmasının ağlasığmaz hal olduğunu söyləmişdir.
Yusif Babanlı
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton