SİYASƏT
KALİFORNİYANIN BİR SIRA ŞƏHƏRLƏRİNDƏ MAYIN 28-İ “AZƏRBAYCAN MİLLİ GÜNÜ” ELAN EDİLƏCƏKDİR
Vaşintqon, 22 may (AZƏRTAC). Amerika-Azərbaycan Şurasından verilən məlumata görə, ABŞ-ın Kaliforniya ştatının bir sıra şəhər və bölgələrində mayın 28-i “Azərbaycan Milli Günü” elan ediləcəkdir. Bu haqda diaspor təşkilatına Kaliforniya ştatının yerli icra hakimiyyətlərindən daxil olan təbrik məktublarında deyilir.
Xüsusilə, Cənubi Kaliforniyanın Orenc dairəsinin və Irvin şəhərinin şuralarının qərarlarına görə, Amerikanın Azərbaycan mənşəli icmasının ştatın mədəni müxtəlifliyi, siyasi və iqtisadi həyatına verdiyi töhfələri nəzərə alaraq, onların yaşadıqları ərazilərin sakinləri Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının ildönümünü bayram edəcəklər.
Təbrik məktublarında 1918-ci ildə müsəlman Şərqində yaradılan ilk dünyəvi parlament respublikasının insan haqları üzrə əldə etdiyi nailiyyətlər xatırlanır, müasir Azərbaycan Respublikasının ərazi bütövlüyünün ABŞ və BMT tərəfindən tanındığı vurğulanır.
Amerika-Azərbaycan Şurası ilə yanaşı, Birləşmiş Ştatlarda fəaliyyət göstərən Amerikanın Azərbaycan Cəmiyyəti, ABŞ Azərbaycanlıları Şəbəkəsi də Nyu-York ştatının qubernatoru, ABŞ Konqresinin üzvləri və ölkənin digər yüksək səviyyəli rəsmilərindən Azərbaycan Günü münasibətilə təbrik məktubları almışlar.
Şəfəq Akifqızı
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton
######