Kalmuratova: Dezinformasiya ilə mübarizə üçün sosial şəbəkələrin nümayəndəlikləri yaradılmalıdır VİDEO
Bakı, 27 noyabr, AZƏRTAC
Bu gün əsas problemlərdən biri dezinformasiyadır. Qırğızıstanda informasiya sahəsində dövlət orqanı bir şəxsin şərəf və ləyaqətini və ya hüquqi şəxsin işgüzar nüfuzunu ləkələyən saxta məlumatlar yayan informasiya agentliyini iki ay müddətinə blok edə bilər. Lakin həmin şirkətlər Qırğız Respublikasının ərazisində qeydiyyata alınıbsa bu, mümkün olur.
Bunu AZƏRTAC-a açıqlamasında Qırğız Respublikasının Mədəniyyət, İnformasiya və Gənclər Siyasəti Nazirliyinin İnformasiya siyasəti departamentinin baş mütəxəssisi Zarina Kalmuratova deyib.
O, eyni zamanda, bildirib: “Problem ondadır ki, Qırğız Respublikasının ərazisində “YouTube”, “Meta” kimi nümayəndəliyi olmayan bir çox platforma var. Bizim ölkədə bu şirkətlərin nümayəndələri yoxdur və bunun üçün onlara ərizə və ya təkliflə müraciət edə bilmərik. Bu gün forumda belə bir təklif səsləndirdim ki, TDT-yə üzv ölkələr birləşərək bu şirkətlərin, sosial platformaların nümayəndəliyini yaratsınlar, təşkilata üzv dövlətlərindən gələn tövsiyələri nəzərdən keçirə bilsinlər. Bu məsələ bəlkə də bizim üçün mümkünsüz görünür. Amma hesab edirəm ki, nə vaxtsa bu, nəzərdən keçiriləcək”.