“KAMRAN MARKET”DƏ NƏLƏR BAŞ VERİR?
Bakı Şəhər Vergilər Departamenti operativ nəzarət idarəsinin əməkdaşları ilə birlikdə müvafiq tədbir həyata keçirilmiş və müəyyən edilmişdir ki, rəsmi sənədldərdə “Kamran market” mağazası Əbdülhüseyn Dadaşovun adına olsa da, müəssisəyə 1959-ci ildə Bakı şəhərində anadan olmuş, Badamdar şossesi-136 ünvanda yaşayan Mirqiyasov Mircavad Mircəbrayıl oğlu rəhbərlik edir. “Kamran market” mağazasında 15 nəfər işçinin çalışmasına baxmayaraq, yalnız 4 nəfərlə əmək müqaviləsi bağlanmışdır. Mağazanın anbarında uçotdan gizlədilən 120 min AZN dəyərində spirtli içki, ərzaq məhsulları, siqaret və digər məhsullar aşkar olunmuşdur. Baxış zamanı anbar və otaqlardan spirtli içki şüşələri üçün 1.700 ədəd qapaq, 12.000 ədəd aksiz markası aşkar edilərək götürülmüşdür.
“Kamran market” mağazasının otaqlarında uçotdan gizlədilən külli miqdarda - 25 min 230 ABŞ dolları, 55,3 milyon köhnə və 3.024 manat yeni milli əsginaz da tapılmışdır. Araşdırmalar nəticəsində, həmçinin məlum olmuşdur ki, Mircavad Mirqiyasov əldə etdiyi məhsulları fiziki şəxs Dadaşov Əbdülhüseyn Ağadadaş oğlunun adına sənədləşdirərək satışını M.İbrahimov küçəsi, 57 ünvanda fəaliyyət göstərən və “Aypara” kiçik müəssisəsinə məxsus spirtli içkilərin topdansatışı mağazasında, Bülbül prospekti, 12 ünvanda yerləşən və fiziki şəxs Abbasov Füzuli Abbas oğluna məxsus “Qarışıq içkilər” mağazasında və digər dükanlarla həyata keçirmişdir.
Hazırda fiziki şəxs Dadaşov Əbdülhüseyn Ağadadaş oğlunun, Abbasov Füzuli Abbas oğlunun və “Aypara” kiçik müəssisəsinin fəaliyyətinin hərtərəfli araşdırılması məqsədi ilə yoxlama tədbirləri davam etdirilir.