KANADADA XOCALI FACİƏSİNİN 14-CÜ İLDÖNÜMÜ İLƏ ƏLAQƏDAR TƏDBİR KEÇİRİLMİŞDİR
Tədbirdə Azərbaycan icmasının Monreal və Ottava şəhərlərində yaşayan nümayəndələri də iştirak etmişlər.
Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra, Kvebek Azərbaycanlıları Assosiasiyasının rəhbəri Məsud Əliyev Xocalı faciəsinin ermənilərin əvvəlcədən hazırlanmış məkrli tarixi planlarından biri olduğunu qeyd etmiş, şəhidlərin ruhunu şad etmək üçün xalqımızı torpaqlarımızı azad etmək uğrunda mübarizəyə səsləmişdir.
Səfir Fəxrəddin Qurbanov Xocalı hadisələrinin bəşəriyyət tarixində ən qanlı faciələrdən biri olduğunu söyləmiş, Kanadada yaşayan azərbaycanlıları ermənilərin əzəli torpaqlarımızda törətdikləri Xocalı soyqırımı kimi hadisələrin bu ölkədə lazımi qiymət verilməsinə nail olunması üçün fəallığı artırmağa və ümumi məqsədlərimizə çatmaqda səylərini əsirgəməməyə çağırmış və bu istiqamətdə səfirliyin Azərbaycan icmasına lazımi dəstək verəcəyini bildirmişdir.
Kanada Azərbaycanlıları Assosiasiyaları Federasiyasının icraçı direktoru Əkbər Məcidov azərbaycanlıların üzləşdikləri faciələrin Kanada və dünya ictimaiyyətinə çatdırılmasında bütün azərbaycanlıların fəal olmalarının və təbliğat məsələlərinə xüsusi əhəmiyyət verilməsinin zəruriliyini vurğulamışdır. O, Xocalı faciəsi ilə əlaqədar hazırlanmış poçt kartlarının artıq Kanada Parlamentinə və dövlət orqanlarına göndərildiyini qeyd edərək qarşıdan gələn 31 Mart Azərbaycanlıların soyqırımı günü ilə bağlı bu kimi tədbirlərin davam etdiriləcəyini bildirmişdir.
Azərbaycan icmasının fəal üzvlərindən biri Saleh İldırım Kanada ictimaiyyətinin daha da məlumatlı olması üçün martın 31-də Azərbaycan icmasını təmsil edən bütün təşkilatların Ermənistan səfirliyinin qarşısında piket keçirməsini təklif etmişdir.
Mərasimdə faciənin dəhşətlərini sübut edən fotoşəkillər nümayiş etdirilmiş, hazırda ABŞ vətəndaşı olan həmyerlimiz Feliks Sersvadzenin azərbaycanlılara qarşı törədilmiş soyqırımlarına həsr edilmiş “Unudulmuş soyqırımı“ kitabı paylanmışdır.
Eyni zamanda, Xocalı faciəsini əks etdirən poçt şəkilləri ölkə senatorlarına, Xarici İşlər Departamentinə, müvafiq dövlət orqanlarına, diplomatik nümayəndəliklərə və kütləvi informasiya vasitələrinə göndərilmişdir.