Karantin müddətində qanunsuz arayışlar verməkdə təqsirləndirilən icra nümayəndəsi barəsində cinayət işi məhkəməyə göndərilib
Bakı, 9 sentyabr, AZƏRTAC
Koronavirus infeksiyasının yayılmasının qarşının alınması məqsədilə ölkəmizdə elan olunan xüsusi karantin rejiminin müxtəlif yollarla pozulması hallarına qarşı prokurorluq orqanları tərəfindən kompleks və ardıcıl tədbirlər davam etdirilir.
Quba Rayon İcra Hakimiyyəti başçısının Vladimirovka inzibatı ərazi dairəsi üzrə nümayəndəsi İslam Abayevin xüsusi karantın rejimi qaydalarına zidd olaraq sərbəst hərəkət etmələri üçün müxtəlif şəxslərə arayışlar verməsi barədə daxil olmuş məlumat əsasında Quba Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 309.1-ci (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılıb.
Quba Rayon Prokurorluğunun AZƏRTAC-a daxil olan məlumatında bildirilib ki, istintaq zamanı İslam Abayevin xidməti səlahiyyətlərinin hüdudlarından aşkar surətdə kənara çıxan hərəkətlər edərək xüsusi karantin rejimi qaydalarını pozmaqla sərbəst hərəkət etmək istəyən ayrı-ayrı şəxslərə qanunsuz olaraq arayışlar verməsinə və bununla da fiziki şəxslərin hüquqlarına və qanuni mənafelərinə, o cümlədən cəmiyyət və dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmasına əsaslı şübhələr müəyyən edilib.
İslam Abayev təqsirləndirilən şəxs qismində cəlb olunub. Ona həmin maddə ilə ittiham elan edilib və barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilib.
Cinayət işinin ibtidai istintaqı sentyabrın 7-də tamamlanaraq aidiyyəti üzrə baxılması üçün Quba Rayon Məhkəməsinə göndərilib.