CƏMİYYƏT
“Kardiologiyada rəhbər tövsiyələrə əsaslanan müasir yanaşmalar” mövzusunda elmi konfrans keçirilib
Bakı, 30 noyabr, AZƏRTAC
Noyabrın 30-da Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Kardiologiya İnstitutu və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı ilə “Gəncə Sağlamlıq Günləri” çərçivəsində Gəncədə “Kardiologiyada rəhbər tövsiyələrə əsaslanan müasir yanaşmalar” mövzusunda elmi konfrans keçirilib.
Elmi-Tədqiqat Kardiologiya İnstitutundan AZƏRTAC-a verilən məlumata görə, ümumilikdə, 900-ə yaxın insanın iştirak etdiyi konfransa 16 bölgədən, o cümlədən Gəncə, Mingəçevir, Yevlax, Bərdə, Goranboy, Göygöl, Şəmkir, Gədəbəy, Samux, Ağdaş, Qazax, Daşkəsən, Tərtər, Ağstafa,Tovuz, Naftalan, Şəki, Xocalı şəhər və rayonlarından həkimlər qatılıb.
Əvvəlcə tədbirin iştirakçıları Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət ediblər.
Dövlət Himninin səslənməsi ilə başlayan tədbirdə Elmi-Tədqiqat Kardiologiya İnstitutunun direktoru, professor Gülnaz Dadaşova, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Tibbi Planlama Departamentinin rəhbəri, professor Hikmət İbrahimli, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev çıxış ediblər.
Bildirilib ki, “Gəncə Sağlamlıq Günləri” çərçivəsində şəhid və qazi ailələrinin üzvləri üçün həyata keçirilmiş tibbi sosial aksiya, bölgə üzrə keçirilən ən böyük konfrans kimi təşkil olunan elmi tədbir son nailiyyətləri bölüşməyə və vətəndaşların sağlamlığını qorumağa imkan yaradacaq.
Konfrans çərçivəsində EKQ, EXO-KQ, EVAR, TEVAR kursları təşkil olunub.