KARLOS PASKUAL: YAXIN İLLƏRDƏ AZƏRBAYCANIN XƏZİNƏSİ DAHA DA ZƏNGİNLƏŞƏCƏKDİR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, Karlos Paskual işçi qrupunun həmin gün keçirilmiş iclası haqqında məlumat verərək demişdir: Bu, çox səmərəli və faydalı bir görüş idi. Hər iki ölkə arasında iqtisadi əməkdaşlığın inkişafı məsələlərini, bu sahədə üstün istiqamətləri müzakirə etdik. Azərbaycana ABŞ-ın yardımından da söz açdıq. ABŞ bu il bölgə ölkələrinə yardımın ümumi həcmini azaltsa da, prioritet ölkə kimi Azərbaycana yardımın həcmi artırılmışdır. Ötən maliyyə ilində 68 milyon dollar yardım göstərildiyi halda, 2004-cü maliyyə ilində bu rəqəm 70 milyon dollardan çox olacaqdır. Bu vəsait müxtəlif proqramların reallaşdırılması üçün nəzərdə tutulmuşdur. Azərbaycanın xəzinəsi enerji ehtiyatlarının işlənilməsindən əldə olunan gəlir hesabına daha da zənginləşəcəkdir. Deməli, ölkədə bank bölməsinin inkişaf etdirilməsi xüsusi əhəmiyyət kəsb edir. Ona görə də Azərbaycanda bank sistemində rəqabətin artırılması məsələsini müzakirə etdik.Beynəlxalq Bankın özəlləşdirilməsi məsələsi də müzakirə mövzusu oldu. ABŞ bunu Azərbaycanın bank bölməsi üçün çox vacib bir addım hesab edir. Neft gəlirlərinin idarə olunması da diqqətdən yayınmadı.
Dövlət Departamenti təmsilçisi daha sonra bildirdi ki, iclasda yeni bir işçi qrupu yaradılması barədə razılıq əldə olunmuşdur. Bundan məqsəd əməkdaşlığı daha da yaxşılaşdırmaq, potensial donorlar cəlb etmək, ictimai sərmayə proqramı yaratmaqdır. Azərbaycanda kiçik və orta müəssisələrə, ailə təsərrüfatlarına ABŞ mikrokreditlərinin verilməsi barədə də fikir mübadiləsi aparılmışdır. Bəzi praktiki məsələlərə, o cümlədən qeyri-hökumət təşkilatlarının və şirkətlərin qeydə alınması, Xəzərdə daşınma xidmətləri və bu sahədə fəaliyyət göstərmək istəyən şirkətlərə rəqabət şəraitinin yaradılması, Azərbaycanın Dünya Ticarət Təşkilatına üzv olması məsələlərinə də toxunulmuşdur.
Sonra Karlos Paskual və mətbuat konfransında iştirak edən ABŞ-ın ölkəmizdəki səfiri Rino Harniş jurnalistləri maraqlandıran suallara cavab verdilər.