Karyera sərgisində tələbələrə “Bakı Ekspo 2025” layihəsi barədə ətraflı məlumat verilib
Bakı, 3 mart, AZƏRTAC
“Ekspo 2025” Ümumdünya Sərgisinə Bakının ev sahibliyi ilə bağlı layihə çərçivəsində “ADA” Universitetində keçirilən karyera sərgisi zamanı gənclər məlumatlandırılıb.
Bu barədə AZƏRTAC-a “Bakı Ekspo 2025”in əməliyyat katibliyindən məlumat verilib.
Tədbirdə “Ekspo 2025” Ümumdünya Sərgisinin məqsədləri və təqdim edəcəyi fürsətlər barədə fikir mübadiləsi aparılıb. Müzakirələrdə qeyd edilib ki, “İnsan kapitalını inkişaf etdirək, daha yaxşı gələcək quraq” mövzusuna həsr olunan “Ekspo 2025 Bakı” layihəsi Azərbaycan gəncliyini ölkəmizin inkişafında ön plana çıxarır.
Karyera sərgisinə mindən artıq tələbə və məzun, eləcə də yüzdən çox şirkət və təşkilat qatılıb.
Bu təşəbbüs “Ekspo 2025” sərgisinin faydalarının daha geniş ictimaiyyətə çatdırılması və Azərbaycan gənclərinin layihənin dəstəklənməsi işində səfərbər edilməsi istiqamətində nəzərdə tutulan tədbirlərin birincisi olub. “Ekspo 2025” Ümumdünya Sərgisinə ev sahibliyi işində Bakının namizədliyini dəstəkləmək məqsədilə bu həftə “Facebook”, “Instagram” və “Twitter” sosial şəbəkələrində yeni müsabiqəyə start verilib.
“Bakı Ekspo 2025” layihəsini sosial şəbəkələrdə Expo 2025 Baku Azerbaijan (Facebook), @bakuexpo2025 (Twitter), Baku Expo 2025 (Instagram) linkləri və www.bakuexpo2025.com saytı vasitəsilə izləmək mümkündür.