Kataliz və Qeyri-üzvi Kimya İnstitutu əməkdaşlarının yeni kitabı nəşr olunub
Bakı, 2 dekabr, AZƏRTAC
Elm və Təhsil Nazirliyinin M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun elmi işçisi Çimnaz Şabanova, professor Mirsəlim Əsədov və institutun baş direktoru akademik Dilqəm Tağıyevin “İqlim dəyişikliyinə yüngülləşdirmə və uyğunlaşma strategiyası kontekstində kimyəvi-texnoloji proseslərin optimal modelləşdirilməsi” adlı monoqrafiyası rus dilində nəşr olunub.
İnstitutdan AZƏRTAC- bildirilib ki, monoqrafiyada davamlı istehsal, enerji səmərəliliyi, tullantıların minimuma endirilməsi və dekarbonlaşmaya keçid üçün texnoloji innovasiya strategiyasının tətbiqinə yanaşmalar haqqında məlumat verilib.
Həmçinin kimyəvi-texnoloji proseslərin optimal modelləşdirilməsinin iqlim dəyişikliyinə təsiri təhlil olunur. Qabarıq optimizasiya əsasında kimyəvi-texnoloji proseslərin optimal sahələrinin müəyyən edilməsinin mövcudluğu və üstünlükləri üçün əldə edilən məlumatlar təqdim edilir. Rəqəmsal axının vizuallaşdırılması metodu təsvir olunur. Bir neçə kimyəvi-texnoloji prosesin optimal dizaynının nəticələri göstərilir.
Monoqrafiyada xüsusilə, zəhərli tullantıların müəyyən edilməsi, tullantıların minimuma endirilməsi üçün proseslərin optimal dizaynı və enerji mənbələrinin istehsalı ilə bağlı ekolojiyönümlü kimyəvi-texnoloji proseslərin optimal modelləşdirilməsinin rəqəmsal vizuallaşdırılmasının nəticələri yer alıb. Əsərdə təqdim olunan elmi nəticələr tələbə və aspirantların elmi biliyinə müəyyən töhfələr verə bilər.