KAZANDA BEYNƏLXALQ SEMİNAR KEÇİRİLMİŞDİR
Ombudsman Aparatından AZƏRTAC-a bildirmişlər ki, Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili Elmira Süleymanova Kazanda “Dialoq, tolerantlıq və təhsil: Avropa Şurası və dini konfessiyaların birgə fəaliyyəti” mövzusunda beynəlxalq seminarda iştirak etmişdir. Seminar Tatarıstanın insan hüquqları üzrə müvəkkili və Avropa Şurasının insan hüquqları üzrə komissarının təşəbbüsü ilə təşkil edilmişdi. Tədbirə Avropa ölkələrinin müxtəlif dini konfessiyalarının rəhbərləri, tanınmış din xadimləri, dinşünas alimlər, nüfuzlu beynəlxalq təşkilatların nümayəndələri qatılmışdılar.
Seminarda din və insan hüquqları, dini etiqad azadlığının təmini, insan hüquq və azadlıqlarının qorunmasında dini təşkilatların rolu və digər mövzulara dair məruzələr dinlənilmiş, müzakirələr aparılmışdır.
Azərbaycan ombudsmanı çıxışında ökəmizdə din və vicdan azadlığının təmin olunmasından, humanist islam dəyərlərinin əbədi yaşarılığından, dinlərarası körpü yaradılmasından, tolerantlığın, dinlər vasitəsilə sülh mədəniyyətinin təbliği istiqamətində görülən işlərdən ətraflı bəhs etmişdir.