KƏND TƏSƏRRÜFATI NAZİRLİYİNDƏ GÖRÜŞ
Qonaqlar dekabrın 13-də Fəxri xiyabanda ümummilli liderimiz Heydər Əliyevin məzarını ziyarət etmiş, ulu öndərin əziz xatirəsinə sonsuz ehtiram əlaməti olaraq abidə önünə əklil qoymuşlar.
Türkiyəli qonaqlar Şəhidlər xiyabanında da olmuş, Azərbaycanın azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş mərd mübarizlərin xatirəsini yad etmişlər.
Həmin gün kənd təsərrüfatı naziri İsmət Abasovun qardaş və dost ölkədən gəlmiş nümayəndə heyəti ilə görüşündə ölkəmizdə aqrar sektorun inkişafı barədə məlumat verilmiş, nazirlikdə aparılan struktur dəyişikliklərindən danışılmışdır. Qeyd olunmuşdur ki, Fitosanitar və Baytarlıq xidmətlərinin kənd təsərrüfatı strukturuna daxil edilməsi aqrar sektorun inkişafına müsbət təsir göstərəcəkdir.
Söhbət zamanı Azərbaycan Prezidentinin aqrar sahəyə daim diqqət göstərdiyi xüsusi vurğulanmışdır. Yaranmış “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin kənd təsərrüfatı texnikası almaq məqsədi ilə keçirdiyi tenderdə Türkiyə şirkətlərinin fəal iştirak etdiyi vurğulanmış, qardaş və dost ölkədən çoxlu kənd təsərrüfatı maşın və mexanizmləri gətirildiyi bildirilmişdir.
Türkiyə Texniki Əməkdaşlıq Təşkilatı xətti ilə Xaçmazdakı “28 May” dövlət kənd təsərrüfatı müəssisəsində, Quba Aqrar Elm Mərkəzində, Fitosanitar Xidmətin laboratoriyalarında görülən işlər barədə qonaqlara ətraflı məlumat verilmişdir.
Dekabrın 14-də qonaqlar Quba, Qusar, Xaçmaz rayonlarına səfər edəcək, Xaçmaz rayonundakı “28 May” dövlət kənd təsərrüfatı istehsal müəssisəsinə, Quba Regional Aqrar Elm Mərkəzinə, Qafqaz konserv zavoduna gedəcək, Samur karantin keçid məntəqəsinin işi ilə tanış olacaqlar.