“Kəpəz”in futbolçusu: “Qarabağ”la oyunda maksimum nəticə üçün mübarizə aparacağıq
Bakı, 26 yanvar, AZƏRTAC
“Həm azarkeşlər, həm atmosfer baxımından “Turan Tovuz”la qərb derbisinin ağır keçəcəyini bilirdik. Əsas odur ki, qələbə qazandıq və buna görə çox sevincliyəm”.
AZƏRTAC xəbər verir ki, bu sözləri “Kəpəz”in futbolçusu Vüsal Məsimov Azərbaycan Premyer Liqasının XIX turunda “Turan Tovuz”a 2:1 hesabı ilə qalib gəldikləri oyunla bağlı klubun rəsmi saytına açıqlamasında deyib.
XX turda "Qarabağ"la keçirəcəkləri görüşə də toxunan 24 yaşlı sol cinah müdafiəçisi matça yaxşı hazırlaşdıqlarını bildirib: “Birgünlük istirahətdən sonra məşqlərə başladıq. Çalışacağıq ki, matçdan xalla ayrılaq. “Qarabağ”ın gücü və necə iddialı komanda olduğu hər kəsə bəllidir. Buna baxmayaraq, biz də meydanda öz gücümüzü göstərəcəyik. Maksimum nəticə üçün mübarizə aparacağıq”.
V.Məsimovun sözlərinə görə, ev oyununun doğma meydanda keçirilməməsi azarkeş dəstəyi baxımından komandaya çətinlik törətməyəcək: “Fanatlarımızın qarşısında oynamasaq da, onların dəstəyini hiss edirik. Tərəfdarlarımız bizi heç vaxt tək qoymurlar”.
Qeyd edək ki, yanvarın 27-də Qəbələ Şəhər Stadionunda oynanılacaq “Kəpəz” - “Qarabağ” qarşılaşması saat 15:00-da başlayacaq.