Kitabxanalar arasında əməkdaşlıq möhkəmlənir
Bakı, 24 aprel, AZƏRTAC
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 6 nömrəli filialı ilə Şəmkir Regional Mədəniyyət İdarəsinin Şəmkir rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Düyərli kənd kitabxanası arasında əməkdaşlıq genişləndirilir.
İdarədən AZƏRTAC-a bildirilib ki, hər iki kitabxana sosial şəbəkələrdəki "Facebook" və "Instagram" hesablarında təmsil etdikləri kitabxanaların yerləşdikləri əraziyə aid tarixi, mədəni, ictimai-siyasi mövzuları özündə əks etdirən kitablar haqqında foto və videopaylaşımların mübadiləsini həyata keçiriblər.
Bu cür əməkdaşlıq nəticəsində hər iki kitabxananın sosial şəbəkələrdəki hesablarının izləyiciləri ölkəmizin iki müxtəlif bölgəsinin folkloru, ədəbiyyatı, ictimai-siyasi xadimləri, mədəniyyəti və tarixi haqqında dolğun məlumat əldə edirlər.
Bu çətin karantin günlərində insanların evdə qalaraq səmərəli informasiya zənginliyi ilə keçirmələri üçün Mədəniyyət Nazirliyinin müvafiq tapşırıq və tövsiyələrinə əsasən bütün mədəniyyət müəssisələri kimi Düyərli və Qala kitabxanaları da bacardıqları qədər bu yönümdə görülən işlərə öz töhfələrini verməyə çalışırlar.