KİYEVDƏ AZƏRBAYCANIN BÖYÜK ŞAİRİ SƏMƏD VURĞUNUN ABİDƏSİ UCALDILMIŞDIR
Mərasimi giriş sözü ilə açan ORİH-in başçısı Vadim Yaqodka Azərbaycan şairinin dahiliyini, Ukraynaya, onun xalqına məhəbbətini vurğulayaraq, Taras Şevçenkonun və Ukraynanın digər söz ustadlarının əsərlərini Azərbaycan dilinə tərcümə etməsindən danışmışdır. Azərbaycanın Ukraynadakı səfiri Tələt Əliyev böyük şairin həyat və yaradıcılığından, onun böyük Ukrayna xalqına rəğbətindən və məhəbbətindən, Səməd Vurğunun Ukrayna ədəbiyyatının klassikləri Maksim Rılski, Mikola Bajan, Pablo Tıçina, Aleksandr Korneyçuk, Dmitro Pavlıçko, Boris Oleynik və başqaları ilə möhkəm şəxsi və yaradıcılıq dostluğundan söhbət açmışdır. T.Əliyev xatırlatmışdır ki, böyük Taras Şevçenkonun abidəsi çar Rusiyası ərazisində ilk dəfə hələ 1906-cı ildə məhz Bakıda ucaldılmışdı. Bu gün Azərbaycan paytaxtında Ukrayna xalqının diqqətəlayiq qızı Lesya Ukrainkanın adını daşıyan park salınmış, böyük Kobzarın abidəsinin ucaldılması qərara alınmışdır.
Səfir xüsusi vurğulamışdır ki, Ukrayna prezidenti Viktor Yuşşenkonun sentyabrın 7-8-də Bakıya səfərinin uğurla başa çatması, ikitərəfli sənədlərin imzalanması xalqlarımızın dostluğunu daha da möhkəmləndirmiş, Azərbaycan–Ukrayna münasibətlərinə güclü təkan vermişdir. T.Əliyev abidənin ucaldılmasına göstərdikləri köməyə görə Kiyevin meri Leonid Çernovetskiyə, ORİH-in başçısı Vadim Yaqodkaya, habelə sponsorlara - ÜAK-ın başçısı, Ukraynanın əməkdar energetiki Akif Gülməmmədova, “LUKoyl” neft şirkətinin Ukrayna, Moldova və Belarusdakı baş direktoru Firuz İsayevə, “Stoykarat” korporasiyasının (Xarkov) prezidenti Niyazi Xəlilova və başqalarına minnətdarlığını bildirmişdir.
Milli Məclisin deputatı, Azərbaycan-Ukrayna parlamentlərarası dostluq qrupunun sədri Fərrux Zeynalov çıxışında vurğulamışdır ki, müstəqil dövlətlərimizin beynəlxalq siyasətin aspektlərinə baxışları eynidir, bir-birini dəstəkləyir, bütün dünyaya dostluq və səmərəli əməkdaşlıq nümunəsi göstərirlər. Ukrayna Ali Radasının deputatı, Ukrayna–Azərbaycan parlamentlərarası dostluq qrupunun başçısı Eduard Zeynalov, deputat Boris Bespalı, Ukrayna ədəbiyyatının canlı klassiki, akademik Boris Oleynik, xalqımızın böyük dostu Anatoli Raxanski, S.Vurğunun şəxsi dostu, tanınmış şair və tərcüməçi Oleks Yuşşenko və başqaları xalqlarımızın sarsılmaz dostluğu haqqında danışmışlar.
Səməd Vurğunun qızı Aybəniz xanım Vəkilova atasının ukraynalı həmkarları ilə dostluğundan, onun Böyük Vətən müharibəsi illərində partizanların döyüş ruhunu yüksəldən, onları düşmənlə mübarizəyə psixoloji cəhətdən hazırlayan “Ukrayna partizanlarına” şeirindən söhbət açmışdır. Aybəniz xanım Səməd Vurğunu xatırladıqlarına və sevdiklərinə görə mərasim iştirakçılarına minnətdarlığını bildirmiş, şairin bu yaxınlarda nəşr olunmuş iki kitabını onun adını daşıyan kitabxanaya hədiyyə etmişdir.
Abidəni açmaq şərəfi T.Əliyev, V.Yaqodka, A.Vəkilova və B.Oleynikə həvalə edilmişdir. Mərasim iştirakçıları qarşısında şairin mərmər və tuncdan hazırlanmış gözəl abidəsi canlanmışdır. Hər iki ölkənin dövlət himni səslənmiş, abidənin önünə gül səbətləri qoyulmuşdur.
Səməd Vurğun adına kitabxanada isə “Azərbaycan poeziyasının antologiyası”nın Ukrayna dilində birinci cildinin təqdimatı keçirilmişdir.
Xalqlarımızın mədəniyyətlərində parlaq hadisə olan tədbir təntənəli qəbulla başa çatmış, tərəflər bir-birinə fəxri fərmanlar və xatirə hədiyyələri təqdim etmişlər.