DÜNYA
Kiyevə raket hücumu nəticəsində xəsarət alanların sayı 53-ə çatıb VİDEO
Kiyev, 13 dekabr, AZƏRTAC
Dekabrın 13-nə keçən gecə paytaxt Kiyevə edilən ballistik raketlərlə hücum nəticəsində xəsarət alan mülki şəxslərin sayı 53 nəfərə çatıb, onlardan 7-si uşaqdır.
AZƏRTAC xəbər verir ki, bu barədə Kiyev şəhər Hərbi Administrasiyası məlumat verib.
Ukrayna Hərbi Hava Qüvvələrinin yaydığı məlumata görə, Rusiya dekabrın 13-də Ukraynaya pilotsuz hücum təyyarələri və raketlərlə hücum edib. Hava hücumundan müdafiə qüvvələri 20 hədəfin hamısını vurub.
Rusiya Krımın Balaklava bölgəsindən Ukrayna boyu 10 kamikadze dronu atıb. Onların da hamısı məhv edilib. Bütün dronlar Odessa vilayətində Cənub hava komandanlığının cavabdehlik zonasında vurulub.
Həmçinin dekabrın 13-ü yerli vaxtla 03:00-da Rusiya Kiyevə 10 raket atıb. “Ballistik trayektoriya ilə Kiyev şəhərinə doğru uçan on hədəfin hamısı Hərbi Hava Qüvvələrinin zenit-raket bölməsi tərəfindən vurulub”, - məlumatda belə deyilir.
AZƏRTAC-ın Ukraynadakı xüsusi müxbirinin daha öncə verdiyi məlumata görə, Kiyevdə bir neçə dəfə partlayış səsləri eşidilib.
Kiyev şəhər Hərbi Administrasiyasının yaydığı məlumata görə, zərərsizləşdirilən raketlərin qalıqları paytaxtın bəzi ərazilərində yanğınlara səbəb olub.
Kiyev şəhər meri Vitali Kliçko isə bildirib ki, paytaxtın Dnepr rayonunda raket qalıqları yaşayış binasının fasadına ziyan vurub, 7-ci mərtəbədə yanğın baş verib. Sakinlər təxliyə edilib.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev