Komitə: Bu ilin birinci rübündə ölkədə 23 mindən çox yeni iş yeri açılıb

Bakı, 15 may, AZƏRTAC
Cari ilin birinci rübü ərzində ölkədə 23,4 min yeni iş yeri açılıb.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, bu dövrdə yaradılmış iş yerlərinin 90,6 faizi qeyri-dövlət sektorunda açılıb.
Yeni açılmış iş yerlərinin 74,4 faizi Bakı şəhərinin, 0,9 faizi Naxçıvan Muxtar Respublikasının, 24,7 faizi digər regionların, o cümlədən 11,4 faizi Abşeron-Xızı, 2,4 faizi Quba-Xaçmaz, 2,2 faizi Qarabağ, 1,7 faizi Lənkəran-Astara, 1,5 faizi Gəncə-Daşkəsən, 1,3 faizi Şəki-Zaqatala, 1,1 faizi Şirvan-Salyan, 0,7 faizi Mil-Muğan, 0,6 faizi Dağlıq Şirvan, 0,6 faizi Qazax-Tovuz, 0,6 faizi Mərkəzi Aran və 0,6 faizi Şərqi Zəngəzur iqtisadi rayonlarının payına düşüb.
Yeni açılmış iş yerlərinin 11,2 faizi yeni yaradılmış müəssisə və təşkilatlarda, 87,8 faizi mövcud müəssisə və təşkilatlarda, 0,5 faizi fəaliyyətini bərpa etmiş müəssisə və təşkilatlarda, 0,5 faizi isə digər tədbirlər üzrə yaradılıb.
Hüquqi şəxslər tərəfindən yaradılmış iş yerlərinin 26,6 faizi tikinti, 19,3 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 12,3 faizi emal sənayesi, 7,4 faizi peşə, elmi və texniki fəaliyyət, 4,7 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 4,6 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 3,9 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 3,2 faizi təhsil, 3 faizi informasiya və rabitə, 2,8 faizi nəqliyyat və anbar təsərrüfatı, 2,4 faizi inzibati və yardımçı xidmətlərin göstərilməsi, 9,8 faizi isə digər iqtisadi fəaliyyət növləri üzrə açılıb.
Bununla yanaşı, bu ilin birinci rübü ərzində ölkədə 2,7 min iş yeri bağlanıb. Bu dövrdə bağlanmış iş yerlərinin 48,4 faizi qeyri-dövlət sektorunun payına düşüb. İş yerlərinin 20,1 faizi müəssisə və təşkilatların fəaliyyətlərinin dayandırılması, 79,9 faizi isə fəaliyyət göstərən müəssisə və təşkilatlarda aparılan ixtisarlar ilə əlaqədar bağlanıb.