REGİONLAR
Komitə sədrinin müavini: Tolerantlıq mühiti dini radikalizmlə mübarizədə mühüm rol oynayır
Naxçıvan, 30 noyabr, AZƏRTAC
Ölkədə dini maarifləndirmə sahəsində, eyni zamanda, dövlət-din münasibətlərinin tənzimləməsi istiqamətində həyata keçirilən tədbirlər, tarixi-dini abidələrin bərpası, milli-mənəvi dəyərlərin təbliği, bir sözlə, tolerantlıq mühiti dini radikalizmlə mübarizədə mühüm rol oynayır. Bu sahədə maarifləndirici tədbirlər respublikamızın bütün bölgələrini əhatə edir. Növbəti belə tədbir də Naxçıvan Muxtar Respublikasında keçirilir. Konfransın formatı elə seçilib ki, burada rəsmi şəxslərlə yanaşı, ziyalılar, icma rəhbəri, din xadimləri, dinşünas alimlər, bu sahənin mütəxəssisləri iştirak edirlər.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, bu sözləri Naxçıvanda “Dövlət-din münasibətləri: geosiyasi reallıqlar və qlobal çağırışlar kontekstində” mövzusunda keçirilən konfrans çərçivəsində jurnalistlərə müsahibəsində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov deyib.
Sədr müavini qeyd edib ki, konfransın məqsədi Azərbaycanda Ulu Öndərin əsasını qoyduğu və bu gün Prezident İlham Əliyevin uğurla davam etdirdiyi dini siyasətin mahiyyətini yerlərdə insanlara daha dəqiq, daha aydın şəkildə çatdırmaqdır. Eyni zamanda dini radikalizmlə, dini ayrı-seçkiliklə mübarizədə maarifləndirmə işini gücləndirməkdir. Konfrans Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin bu mövzuda Naxçıvan Muxtar Respublikasında keçirdiyi ilk tədbirdir. Oxşar tədbirlər dekabr ayında Mingəçevir, Xaçmaz və Masallıda da keçiriləcək.
“Belə konfranslar davamlı olaraq keçiriləcək. Bu gün qlobal çağırışlar nöqteyi-nəzərdən regionda baş verən proseslər təlqin edir ki, biz dünyəvilik prinsipini daha çox təbliğ etməli, maarifləndirmə işini, dinin sağlam mənbələr əsasında yayılması istiqamətində fəaliyyəti gücləndirməliyik” , – deyə Gündüz İsmayılov əlavə edib.