KONDOLİZA RAYS: ÖZBƏKİSTAN ABŞ-IN VƏ AVROPANIN DƏSTƏYİNİ İTİRİR
Xanım Rays Özbəkistanı ATƏT çərçivəsində öhdəliklərini yerinə yetirməməkdə əvvəllər də təqsirləndirmişdir. ABŞ və bir sıra ölkələr Əndicanda may ayında baş vermiş hadisələrlə əlaqədar beynəlxalq təhqiqat keçirilməsində hələ də israrlıdırlar.
K.Rays demişdir: “Özbəkistan Avropanın və sözsüz ki, ABŞ-ın dəstəyini itirir. Bu da Özbəkistan xalqına yaxşı heç nə vəd etmir”.
Yerli müşahidəçilər buna diqqət yetirmişlər ki, Kondoliza Raysın Orta Asiya səfərinin cədvəlinə Özbəkistan daxil edilməmişdir. Onların fikrincə, bu, iki ölkə arasında münasibətlərin getdikcə gərginləşməsindən xəbər verir.
K.Raysın Avropa və Avrasiya işləri üzrə köməkçisi Daniel Fridin bir qədər əvvəl respublikaya səfəri problemlərin, o cümlədən amerikalıların Xanabaddakı hərbi bazadan istifadəsi məsələsinin həllinə kömək etməmişdir. Vaşinqton Əndican hadisələri ilə əlaqədar beynəlxalq təhqiqat aparılması təklifini irəli sürdükdən və Özbəkistan hakimiyyətini tənqid etdikdən sonra Daşkənd əvvəlcə Xanabada yük daşınmasına məhdudiyyət qoymuş, iyulda isə 6 ay ərzində ABŞ qoşunlarının oradan çıxarılmasını tələb etmişdir. Buna cavab olaraq ABŞ Özbəkistanla hərbi sahədə əlaqələrə yenidən baxmalı olmuşdur.