KONFRANS BƏYANNAMƏNİ QƏBUL ETMƏDİ
Konfransın işində iştirak edən Azərbaycan Respublikası Milli Məclisi nümayəndə heyətinin rəhbəri, parlament sədrinin birinci müavini Ziyafət Əsgərov jurnalistlərə bildirmişdir ki, fikir mübadilələri və Baltikyanı ölkələrin təcrübəsinin öyrənilməsi baxımından konfransın işini faydalı sayıram. O demişdir: “Konfrans iştirakçıları bəyannamə imzalamalı idilər. Biz həmin bəyannamənin mətni ilə tanış olduq. Burada ölkəmizin maraqlarına cavab verməyən məqamlar var idi. Belə ki, sənəddə regional əməkdaşlıq, hansısa təşkilatlar vasitəsilə bu əməkdaşlığın daha da inkişaf etdirilməsi qeyd olunurdu. Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarını azad etməyincə, bu ölkə ilə hər hansı əməkdaşlıqdan söhbət gedə bilməyəcəyini konfransın ilk günündən dəfələrlə vurğulamışdıq. Biz bəyannaməyə Cənubi Qafqaz ölkələrinin suverenliyi və ərazi bütövlüyü barədə maddə əlavə olunmasını təklif etdik. Nədənsə, bəyannaməyə bunu əlavə etmək istəmədilər. Belə olan halda, bəyannaməyə imza atmaqdan imtina etdiyimizi bildirdik və bununla da bəyannamə qəbul olunmadı”.