KONQRESMEN DAN BARTON HƏMKARLARINI DAĞLIQ QARABAĞ MƏSƏLƏSİNDƏ NEYTRAL MÖVQE TUTMAĞA ÇAĞIRMIŞDIR
Nümayəndələr Palatasındakı çıxışında Dan Barton qeyd etmişdir ki, bəzi həmkarları bütün günahı Azərbaycan tərəfinin üzərinə atmaq istəyirlər. Onlar hətta çıxışlarında “Dağlıq Qarabağ əhalisinin öz müqəddəratını həll etmək hüququnu dəstəkləyib, Azərbaycanın düşmənçiliyinə məhəl qoymadan bu tarixi erməni ərazisində demokratiya və bazar iqtisadiyyatını qurmaq səylərini tərifləyirlər”.
Dan Barton xatırlatmışdır ki, Dağlıq Qarabağ heç vaxt Ermənistanın bir hissəsi olmamışdır. Bu faktı təhrif etmək və Dağlıq Qarabağ probleminə görə məsuliyyəti tamamilə Azərbaycanın çiyninə qoymaq münaqişənin sülh yolu ilə nizama salınmasını çətinləşdirir. Konqresmen həmkarlarına onu da xatırlatmışdır ki, Birləşmiş Ştatlar rəsmən nə Dağlıq Qarabağı müstəqil dövlət kimi, nə də onun hakimiyyətini tanıyır. Keçmişdə Klinton hökuməti belə siyasət yürüdürdü, indi isə Buş Administrasiyası bu siyasəti yürüdür. Mühümdür ki, belə siyasət dəyişməz qalsın. Çünki hər hansı xarici təzyiq və ya neytral mövqeni dəyişmək cəhdləri yalnız süni sülhün bərqərar olması ilə nəticələnəcəkdir.
Konqresmen Barton təəssüflə qeyd etmişdir ki, “Böyük Səkkizliy”in zirvə toplantısı ərəfəsində Azərbaycan və Ermənistan liderlərinin sülh danışıqlarını dəstəkləmək məqsədi ilə toplantıya dəvət alacaqları haqda mülahizələr gəzsə də, bu, baş tutmamışdır. O demişdir: “Zənnimcə, bununla sülhü irəli aparmaq üçün yaxşı imkan əldən verilmişdir. Lakin, mən, ümidimi itirmirəm. İnanıram ki, digər dövlətlərlə birgə, Azərbaycana və Ermənistana sülhün əldə olunmasında kömək edəcəyik, hər iki ölkənin, eləcə də, bütün bölgənin inkişafını əhəmiyyətli dərəcədə ləngidən Dağlıq Qarabağ məsələsini birdəfəlik həll edəcəyik”.