Konstitusiya Günündə Ali Məhkəmənin yaradılmasının 100 illiyinə həsr olunan ağacəkmə aksiyası keçirilib
Bakı, 12 noyabr, AZƏRTAC
Noyabrın 12-də Azərbaycan Respublikasının Ali Məhkəməsi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyi ilə paytaxtın Qaradağ rayonu Müşfiqabad qəsəbəsində ağacəkmə aksiyası keçirib.
AZƏRTAC xəbər verir ki, Ali Məhkəmənin hakimləri və əməkdaşlarından ibarət 250-dən artıq insanın qatıldığı aksiyada Ali Məhkəmənin sədri Ramiz Rzayev və ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev də iştirak edib.
Ali Məhkəmənin yaradılmasının 100 illiyinə həsr olunan aksiya zamanı mindən artıq ağac əkilib. Abşeron yarımadasının iqliminə uyğun olaraq əkilən ağacların küləkdən qorunması üçün dirəklər basdırılıb və onların inkişafı üçün münbit torpaq və mineral gübrələrdən istifadə olunub. Eyni zamanda, əkilən ağacların mühafizəsi və mütəmadi olaraq onlara qulluq göstərilməsi məqsədilə bütün zəruri tədbirlər görülüb.
Qeyd edək ki, 2023-cü ildə Azərbaycan Respublikası Ali Məhkəməsinin yaradılmasının 100 illiyi tamam olur. Bununla əlaqədar olaraq noyabr ayından etibarən Ali Məhkəmə tərəfindən silsilə tədbirlərin keçirilməsinə başlanılıb.