Konstitusiya Məhkəməsi Plenumunun iclası keçirilib
Bakı, 5 fevral, AZƏRTAC
Fərhad Abdullayevin sədrliyi ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xüsusi konstitusiya icraatı üzrə açıq məhkəmə iclası olub.
AZƏRTAC xəbər verir ki, iclasda Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80-ci və 81-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Bakı Apellyasiya Məhkəməsinin müraciəti ilə bağlı konstitusiya işinə baxılıb.
Konstitusiya Məhkəməsinin Plenumu iş üzrə hakim S.Salmanovanın məruzəsini, maraqlı subyektlərin nümayəndələrinin çıxışlarını, ekspertin rəyini dinləyib, işin materiallarını araşdırıb müzakirə edərək qərar qəbul edib.
Qərarda deyilir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80-ci və 81-ci maddələrinin “əmək qabiliyyəti olmayan” müddəası yetkinlik yaşına çatmış övladın bu və ya digər xəstəlik, yaxud ondan yaranan qüsurlar nəticəsində əlilliyə məruz qalaraq, peşəkar və ya ümumi əmək fəaliyyəti ilə məşğul olmaq qabiliyyətini, yaxud imkanını tamamilə və ya qismən itirməsi kimi başa düşülməlidir.
Azərbaycan Respublikası Ailə Məcəlləsinin 81.1-ci maddəsinin “və digər hallarda” müddəası əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlar üçün birbaşa göstərilən tibbi xidməti və ya müalicə ilə bu və ya digər şəkildə əlaqədar olan tibbi xidmətləri ehtiva edir.
Azərbaycan Respublikası Ailə Məcəlləsinin 81-ci maddəsinin “göstərilən kənar xidmət” müddəası birbaşa tibbi xidməti deyil, yetkinlik yaşına çatmış və maddi yardıma ehtiyacı olan övladlar üçün göstərilmiş və ya gələcəkdə göstərilməsi zəruri olan əlavə xidmətlərə görə xərcləri nəzərdə tutur.
Qərar dərc edildiyi gündən qüvvəyə minir, qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv oluna, dəyişdirilə, yaxud rəsmi təfsir edilə bilməz.