Könüllülər Qəbələ Dövlət Tarix-Bədii Qoruğunu ziyarət ediblər
Qəbələ, 5 aprel, Mustafa Dadaşov, AZƏRTAC
Qəbələ “ASAN xidmət” mərkəzinin könüllüləri Qəbələ Dövlət Tarix-Bədii Qoruğunu ziyarət edib, ərazidə yerləşən Arxeoloji Mərkəzlə tanış olublar.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Qoruğun direktoru Zahir Kərimov məlumat verib.
Könüllülər Qoruq ərazisində aparılmış arxeoloji qazıntı sahələri, qazıntılar zamanı aşkar edilmiş su və çirkab su xətləri, təsərrüfat quyuları, şəhərin ərazisini əhatə edən müdafiə sədləri, ictimai binaların qalıqları, qiymətli maddi-mədəniyyət abidələri ilə yaxından tanış olublar. Diqqətə çatdırılıb ki, tarixi sirlərlə zəngin olan Qoruq ərazisi mədəniyyət, memarlıq, etnoqrafik, arxeoloji abidələrin, tarixi hadisə və şəxsiyyətlərlə bağlı xatirə yerlərinin və onların əşyalarının yerləşdiyi məkandır. Ümumilikdə, 420 hektar ərazini əhatə edən Qoruq 3 tarixi məkandan - Antik şəhər yeri, Səlbir və Qala ərazilərindən ibarətdir.
Könüllülər, həmçinin Qəbələ Arxeoloji Mərkəzdə sərgilənən arxeoloji materiallarla da tanış olublar. Burada nümayiş etdirilən tarixi-mədəni irsimizə aid eksponatlar ziyarətçilər tərəfindən maraqla qarşılanıb.