KOOPERATORLAR HESABAT VERMİŞLƏR
Aprelin 5-də Azərbaycan Mərkəzi Kooperativlər İttifaqının-“Azərittifaq”in geniş şura iclası keçirilmişdir. İclasda 2002-ci ilin yekunları müzakirə edilmişdir.
“Azərittifaq”ın idarə heyətinin sədri Eldar Quliyevin hesabat məruzəsindən məlum olmuşdur ki, ictimai iaşə və tədarük müəssisələrini, avtobazaları birləşdirən 79 rayon kooperativ təşkilatı, 4 kooperativ cəmiyyəti ittifaqı və digər qurumlar öz işlərini bazar iqtisadiyyatının tələblərinə uyğun qurmağa çalışaraq keçən ili 400 milyon manata yaxın mənfəətlə başa vurmuşlar. 70-ə yaxın yardimçı təsərrüfatda 20 növdən artiq kənd təsərrüfatı məhsulu istehsal edilmiş, əmtəə dövriyyəsi 18 milyard manat, ictimai iaşə dövriyyəsi isə 4,5 milyard manat olmuşdur. “Azərittifaq”ın emal müəssisələri xarici əlaqələrin yaradılmasina da diqqət yetirmişlər. Nəticədə Avstriya firmalarına meyvə konsentratı satılmışdır.
Çıxış edənlər sahibkarlığın inkişafı üçün əlverişli şərait yaratdığına görə ölkəmizin başçısı Heydər Əliyevə minnətdarlıqlarını bildirmişlər. Onlar işləri bundan sonra da müasir tələblər səviyyəsində qurmaq, maddi-texniki bazanı möhkəmləndirmək, yerli şirkətlər və sahibkarlarla əlaqələri yaxşılaşdırmaq barədə təklif və tövsiyələrini vermişlər.
Ölkənin 79 rayonundan gəlmiş və 530 minlik kooperatorlar ordusunu təmsil edən yığıncaq iştirakçıları qarşıdakı prezident seçkilərində Heydər Əliyevin namizədliyini dəstəkləmək barədə müraciət qəbul etmiş təşkilatların təklifini müdafiə etmişlər.
Kooperatorlar Azərbaycan Prezidenti Heydər Əliyevə müraciət qəbul etmişlər.