Koreya Respublikasında 31 mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar mərasim keçirilmişdir
Bakı, 31 mart (AZƏRTAC). Azərbaycan Respublikasının Koreya Respublikasındakı səfirliyinin təşkilatçılığı, Koreya Xarici Dillər Universiteti (KXDU) və “Mannam” Sülhməramlı Könüllülər Assosiasiyasının dəstəyi ilə KXDU-da 31 mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı anma mərasimi keçirilmişdir.
Mərasimdə universitetin müəllim və tələbə heyəti, səfirliyin əməkdaşları, Koreya Respublikasında təhsil alan azərbaycanlı tələbələr, qeyri-hökumət təşkilatlarının nümayəndələri, jurnalistlər iştirak etmişlər.
Azərbaycan Respublikasının Koreya Respublikasındakı səfiri Rövşən Cəmşidov 31 mart və Xocalı soyqırımları haqqında ətraflı məlumat vermiş, gənc nəslin xalqımızın tarixi keçmişini unutmaması baxımından tədbirin əhəmiyyətini qeyd etmişdir.
KXDU-nın xarici əlaqələr üzrə prorektoru, professor Kim İn Çeol və “Mannam” Assosiasiyasının fəxri sədri Kim Man Hi 31 mart hadisələrinə dünya ictimaiyyəti tərəfindən siyasi-hüquqi qiymət verilməsinin vacibliyini vurğulamışlar.
Mərasim iştirakçıları “Dua” filminə, “Xocalıya ədalət” kampaniyası ilə bağlı fotosərgiyə, eləcə də “Xocalı soyqırımı uşaqların gözü ilə” adlı rəsm sərgisinə baxmışlar.
Bundan əlavə, iştirakçılar Xocalıda törədilmiş qırğının insanlığa qarşı cinayət kimi tanınması üçün dünya liderlərinə ünvanlanmış petisiyanı imzalamışlar.
İştirakçılara, həmçinin azərbaycanlıların soyqırımı, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü haqqında səfirlik tərəfindən Koreya dilinə tərcümə olunmuş kitab və bukletlər təqdim edilmişdir.