SİYASƏT
KRIMDA AZƏRBAYCANLI DÖYÜŞÇÜLƏRİN HÜNƏRİNİ UNUTMURLAR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər ki, Arif Sadıqovun sədri olduğu “Vətən” Krım azərbaycanlıları Konqresi Simferopolda və Sevastopolda yerli Azərbaycan diasporunun dəstəyi ilə 77-ci Azərbaycan atıcı diviziyası döyüşçülərinin xatirəsinə həsr edilmiş tədbirlər keçirmişdir.
Böyük Vətən müharibəsi illərində Azərbaycanda yaradılmış bu diviziyanın əsgər və zabitləri Qafqaz uğrunda döyüşlərdə, Krımın, Baltikyanı respublikaların faşist işğalçılarından azad edilməsində misilsiz şücaət və qəhrəmanlıq göstərmişlər. Diviziyanın əsgər və zabitlərindən 3140 nəfəri orden və medallarla təltif edilmiş, 8 nəfər Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdür.
Tədbirlərin iştirakçıları - Azərbaycanın Kiyevdəki səfirliyinin əməkdaşları, o cümlədən hərbi attaşe Tofiq Qasımov, Böyük Vətən müharibəsi veteranları və Azərbaycan diasporunun üzvləri əvvəlcə Simferopolun mərkəzində 1941-1944-cü illərdə Krımın müdafiəsində iştirak və onu alman faşizmindən azad etmiş döyüşçülərin xatirə kompleksinin önünə əklillər qoymuşlar.
Sonra Dəmir Yol Texnikumunun iclas salonunda 77-ci Azərbaycan atıcı diviziyasının döyüş yoluna həsr edilmiş təntənəli yığıncaq keçirilmişdir. Mərasimdə çıxış edən Krım Muxtar Respublikası Ali Radasının deputatı, Müharibə və Əmək Veteranları Şurasının sədri, istefada olan general-leytenant Aleksey Krıjko müharibə veteranlarına qayğıkeş münasibətə görə həmyerlilərimizə muxtar respublikanın rəhbərliyi və deputat korpusu adından ürəkdən təşəkkür etmiş, “Vətən” cəmiyyəti sədrinin müavini, milis podpolkovniki Mehman Məmmədova isə bu nəcib fəaliyyətinə görə fəxri fərman təqdim etmişdir. Müharibə veteranı, 77-ci diviziyada şəfqət bacısı olmuş, çoxsaylı döyüş mükafatlarına layiq görülmüş Yekaterina Telişşeva ağır yaralandığı vaxt Davud Əliyevin onu döyüş meydanından çıxarmasını xatırlamışdır. 77-ci diviziyanın daxil olduğu 51-ci ordunun digər veteranı Boleslav Yeletski, valideynləri Krımın azad olunmasında iştirak etmiş, hazırda Krım Muxtar Respublikası mədəniyyət nazirinin müavini vəzifəsində çalışan İsmət Azadov tədbir iştirakçılarına azərbaycanlıların qəhrəmanlıqları haqqında danışmışlar.
Azərbaycanın Ukraynadakı səfirliyinin birinci katibi İlyas Məmmədov soydaşlarımızın xatirəsinə qayğıkeş münasibət bəslədiklərinə görə Azərbaycan diasporuna və yerli hakimiyyət orqanlarına təşəkkürünü bildirmişdir. Eyni zamanda, təəssüflə vurğulamışdır ki, Azərbaycan XXI əsrdə də hərbi təcavüzlə üzləşmişdir – Ermənistan torpaqlarımızı işğal etmiş, ölkəmizdə bir milyonluq qaçqın-köçkün ordusu yaranmışdır.
Sonra veteranlara “Vətən” cəmiyyəti adından maddi yardım edilmiş, diaspor üzvlərinin uşaqları Azərbaycan şairlərinin, o cümlədən Səməd Vurğunun müharibə mövzusunda şeirlərini oxumuşlar.
Tədbirin sonunda Sevastopol yaxınlığındakı Sapun-gora dağının ətəyində xalqımızın qəhrəman oğullarının şərəfinə ucaldılmış abidənin önünə əklillər və tər çiçəklər qoyulmuşdur. Xatırladaq ki, bu abidə 1974-cü ilin aprel ayında o vaxt Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi olmuş Heydər Əliyevin təşəbbüsü ilə və respublikamızın vəsaiti hesabına ucaldılmışdır.