Kriştiano Ronaldo yeni rekorda imza atıb
Bakı, 30 sentyabr, Nicat Məmmədov, AZƏRTAC
İngiltərənin “Mançester Yunayted” klubunun futbolçusu Kriştiano Ronaldo UEFA Çempionlar Liqasında ən çox forma geyinmiş futbolçu kimi rekorda imza atıb.
AZƏRTAC xəbər verir ki, portuqaliyalı hücumçu bu uğura evdə İspaniya "Vilyarreal"ına qarşı qrup matçında meydana çıxmaqla nail olub.
Otuz altı yaşlı forvard qitənin ən nüfuzlu klub turnirində ümumilikdə 178 oyun keçirib. O, bu göstərici ilə İspaniya millisinin və “Real Madrid”in sabiq qapıçısı İker Kasilyasın rekordunu yeniləyib.
“Old Trafford” stadionunda gerçəkləşən “Mançester Yunayted” - “Vilyarreal” matçı meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Kriştiano Ronaldo 2008-ci, 2013-cü, 2014-cü və 2016-cı illərdə “Qızıl top” mükafatına layiq görülüb. K.Ronaldo, həmçinin 2008-ci, 2011-ci, 2014-cü, 2015-ci ildə Avropa “Qızıl butsi” mükafatının sahibi olub və bu mükafatı 4 dəfə qazanan ilk və tək futbolçudur. Ronaldo “Real Madrid” klubunun tarixinin ən çox qol vuran futbolçusudur. O, həmçinin UEFA Çempionlar Liqası tarixində də, ən çox qol vurmuş oyunçudur. Futbolçu Portuqaliya yığmasının heyətində 132 oyunda 61 qol vuraraq yığma tarixində ən çox oyun keçirmiş və ən çox qol vurmuş oyunçudur. Ronaldo çıxış etdiyi “Real Madrid” klubunun heyətində 2011-2012-ci il mövsümündə bir mövsüm ərzində bütün komandalara qol vuran ilk futbolçu olub. Ronaldo hələ 23 yaşı olanda çıxış etdiyi “Mançester Yunayted” klubunun heyətində Premyer Liqada 31 qol vuraraq futbol tarixinə düşüb. Bununla da Kriştiano futbol tarixində dörd fərqli Avropa çempionatında qol vuran yeganə futbolçudur, həmçinin 9 qolla UEFA Avropa çempionatı tarixində ən çox qol vurmuş futbolçudur. Portuqaliyalı 2004-cü, 2006-cı, 2008-ci, 2010-cu, 2012-ci, 2014-cü və 2016-cı illərdə keçirilmiş dünya və Avropa çempionatlarında qol vurmaqla, 7 fərqli böyük turnirdə qol vurmuş tək futbolçu olub. Kriştiano təkcə “Real Madrid” klubunun heyətində 403 qol vurub.