KULEVİ NEFT TERMİNALI GÜRCÜSTANDA EKOLOJİ LAYİHƏLƏR HƏYATA KEÇİRİR
Bakı, 28 sentyabr (AZƏRTAC). Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) respublikada və ölkə hüdudlarından kənarda fəaliyyət göstərən müəssisələrində ekoloji problemlərə daim ciddi diqqət göstərilir.
ARDNŞ-in mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, qurumun Gürcüstandakı Kulevi “Qara dəniz terminalı”nın kollektivi gələcək nəsillər üçün təbii sərvətlərin qorunmasına görə öz üzərinə düşən məsuliyyəti dərindən dərk edir. Ətraf aləmə təsir üzrə monitorinq terminalın ekoloji idarəetmə sistemi tərəfindən idarə olunur. Bu sistem “Moody İnternational” şirkətinin İSO 14001 beynəlxalq standartlar sertifikatına layiq görülmüşdür. Sistem planlaşdırılmış idarəetməni və ekoloji aspektə malik bütün proseslərin fasiləsiz fəaliyyətini təmin edir.
Kulevi “Qara dəniz terminalı” ekoloji baxımdan unikal zonada - su-bataqlıq yerləri haqqında Ramsar Konvensiyası ilə qorunan, beynəlxalq əhəmiyyətə malik Kolxetiya Milli Parkının yaxınlığında yerləşir. Bu qoruq çoxsaylı endemik və köçəri heyvanların qorunduğu, qiymətli su-bataqlıq faunasına malik bir ərazidir. Terminal bu qoruğun mühafizəsi məqsədi ilə, Gürcüstanın Ətraf Mühitin Mühafizəsi və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaradılmış fondun maliyyəçilərindəndir. Ətrafa neft axınının qarşısının alınması üçün terminalda operativ fəaliyyət göstərən, bütün lazımi texnika ilə təchiz edilmiş yüksək ixtisaslı və təcrübəli qrup təşkil edilmişdir. Gəmilərin tələb olunan əraziyə yerləşdirilməsi, yüklənməsi və s. terminalda fəaliyyət göstərən limanın yüksək biliyə malik ixtisaslaşdırılmış əməliyyat xidməti və operativ qrupu tərəfindən həyata keçirilir.
Qeyd olunan ekoloji fəaliyyət növləri ilə yanaşı, Kulevi terminalında daxili və xarici treninqlər vasitəsilə işçilərin təkmilləşdirilməsi işləri də diqqət mərkəzində saxlanılır. Bu treninqlər şirkətdə ətraf mühit və təhlükəsizlik əməliyyatları barədə hərtərəfli informasiyaların yayılmasına xidmət edir.