KÜLLİ MİQDARDA VERGİDƏNYAYINMA İLƏ BAĞLI ARAŞDIRMALAR APARILIR
Daxil olan məlumatla əlaqədar Bakı Şəhər Vergilər Departamentinin əməkdaşları ilə birlikdə müvafiq operativ nəzarət tədbirləri həyata keçirilmişdir. Müəyyən olunmuşdur ki, Rəsulzadə qəsəbəsinin Qəmbərov küçəsindəki, 23 nömrəli evdə pasport qeydiyyatında olan və yaşayan fiziki şəxs E.Mirzəyev 2004-cü ildən Fikrət Bayramov küçəsindəki 1136-cı məhəllədə icarəyə götürdüyü anbardan topdansatış obyekti kimi istifadə edərək, ərzaq məhsullarının satışı ilə məşğul olmuşdur. Anbara daxil olan mallar isə heç bir sənədləşmə aparılmadan müxtəlif firmalardan və özünün qanunsuz istehsal sexindən gətirilmişdir. Satılmış mallar E.Mirzəyevin özünə məxsus 5 ədəd, “QazEL”, “ZiL”, “MERCEDES” və digər markalı avtomobillərlə paylanmışdır. Anbardan satışa buraxılan mallar üçün heç bir sənədləşdirmə aparılmamış və bu məhsullar Bakı şəhəri ərazisindəki və respublikanın digər rayonlarındakı topdansatış mağazalarına verilmişdir.
Faktın araşdırılması ilə bağlı keçirilən baxış zamanı anbarda ümumi dəyəri təxminən 55 min manat məbləğində olan 61 adda müxtəlif çeşidli ərzaq məhsullarının vergidən yayınmaq məqsədi ilə uçotdan gizlədildiyi müəyyən olunmuşdur. Bundan əlavə, E.Mirzəyevin iki il ərzində müxtəlif yerlərdə müvafiq sənədləşmə aparılmadan, heç bir gigiyena qaydalarına əməl edilmədən qanunsuz surətdə “Qarğıdalı çubuqları”nın istehsalı və satışı ilə məşğul olduğu, fəaliyyəti barədə hesabat təqdim etmədiyi və beləliklə külli miqdarda vergilərin dövlət büdcəsinə ödənməkdən yayındırıldığı da aşkarlanmışdır.
Əldə edilən ilkin sənədlərdən, sürücü, ekspeditor və digər işçilərdən alınan izahatlardan məlum olmuşdur ki, E.Mirzəyevin təkcə 2006-cı ilin 4 ayı ərzində mal dövriyyəsi 290 min manat təşkil etmişdir.
Hazırda həmin şəxsin 2004-2005-ci illər ərzində apardığı əməliyyatlara dair araşdırmalar davam etdirilir.