Kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkarlanması istiqamətində tədbirlər davam etdirilir
Bakı, 29 iyul, AZƏRTAC
Daxili işlər orqanlarının əməkdaşları kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkarlanması və bu qanunsuz fəaliyyətlə məşğul olan şəxslərin ifşa olunaraq məsuliyyətə cəlb olunmaları istiqamətində tədbirləri fasiləsiz həyata keçirirlər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan AZƏRTAC-a bildiriblər ki, Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Yevlax şəhər sakini, əvvəllər məhkum olunmuş S.Cabbarova məxsus həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilmiş 9 çətənə kolu aşkar edilərək götürülüb.
Sabirabad Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində şəhər sakini G.Əsgərova məxsus həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilmiş 19 ədəd çətənə kolu aşkarlanıb.
Lənkəran Şəhər Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində isə şəhər sakini R.Əliyevə məxsus həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilmiş 13 ədəd çətənə kolu götürülüb.
Faktlarla bağlı araşdırmalar davam etdirilir.