KÜR BOYU ƏRAZİDƏ DAŞQINDAN XİLASETMƏ TƏDBİRLƏRİ DAVAM ETDİRİLİR
Sabirabad, 19 may (AZƏRTAC). Kür və Araz çaylarında suyun səviyyəsinin yenidən artması təbii fəlakət bölgəsində vəziyyəti nisbətən gərginləşdirmişdir.
Bu barədə “Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadə məlumat verərək demişdir ki,
Kür boyu ərazilərdə bəndbərkitmə tədbirləri gücləndirilmişdir. Araz və Kür çaylarında suyun qalxması su anbarlarında da ciddi vəziyyət yaratmışdır. Lakin vəziyyət nəzarət altındadır, səfərbər olunmuş qüvvələr Araz və Kür çaylarının sahilləri boyunca bəndlərin möhkəmləndirilməsi üçün intensiv iş aparırlar.
Sabirabad Rayon Fövqəladə Hallar Komissiyasının sədri Vəfadar Bağırov demişdir ki, bütün qüvvələr, səylər bəndlərin bərkidilməsinə yönəldilmişdir ki, təkrar subasma hallarına yol verilməsin. Vəziyyəti ciddiləşdirən səbəblərdən biri də Sarısu gölündə suyun səviyyəsinin qalxmasıdır. Küləkli hava göldə dalğalanma əmələ gətirmişdir ki, bu da müəyyən qədər təhlükə ehtimalı yaradır. Bununla belə xilasetmə qüvvələri daşqın sularının idarə olunması üçün ciddi tədbirlər görürlər.
Fövqəladə hallar nazirinin müavini Orucəli Hacıyev bildirmişdir ki, dalğalar küləklə müşayiət olunduğuna görə xilasedicilərin işlərini çətinləşdirmişdir. Ərazidə Müdafiə Nazirliyinin 2 min əsgəri, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları bəndvurma işlərinə cəlb olunmuşlar. Sabirabadın Sarısu gölünün ətrafında yerləşən Naxırlı kəndinin əhalisi köçürülmüşdür. Gölün yaxınlığında olan Murazbəyli kəndinin köçürülməsinə də başlanılmışdır. Əhalinin mal qarası da köçürülür. Əgər Sarısu gölündə su daşarsa mütəxəssislərin qənaətinə görə İmişlinin Allahmədətli, Telişli, Saatlının Kamallı, Hacıqasımlı, Musalı, Sabirabad rayonunun Muradbəyli və Çığırğan kəndlərini də su basa bilər.
Sabirabad rayonun Çığırğan kəndində Kürün bəndinin aşması nəticəsində sahil zonasında gərgin vəziyyət yaranmışdı. Ən qısa müddətdə əlavə qoruyucu bənd möhkəmləndirilərək suyun kəndi basmasının qarşısı alınmışdır. Hazırda Kür çayından Sabirabad rayonu ərazisindən hər saniyədə 2450 kubmetr su keçir. Bu, çox böyük göstəricidir. Bir gün əvvəlkinə nisbətən Kürün səviyyəsi 3 santimetr qalxmışdır. Ən son məlumata görə Kür çayı Sabirabad rayonunun Azadkənd kəndi istiqamətində bəndi yarmışdır. Hazırda kəndin əhalisi köçürülür. Sakinlərin arzusuna uyğun olaraq, onlar digər kəndlərdəki qohumlarının evlərində yerləşdirilirlər. Fövqəladə Hallar, Müdafiə, Daxili İşlər nazirliklərinin, “Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinin canlı qüvvələri və çoxsaylı texnikası Azadkənd kəndi istiqamətində dağılmış bəndin bərpası ilə məşğuldur.