KÜR ÇAYININ ÜÇMÜŞ BƏNDLƏRİ BƏRPA EDİLMİŞDİR
Sabirabad, 19 may (AZƏRTAC). Xəbər verildiyi kimi, mayın 18-də gecə saatlarında Sabirabad rayonunun Çığırğan kəndində Kür çayı bəndi dağıtmışdır. Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin, “Meliorasiya və Su Təsərüffatı” Açıq Səhmdar Cəmiyyətinin canlı qüvvələri və texnikası cəlb edilmiş, qısa müddətdə çayın mühafizə bəndini bərkitmək mümkün olmuşdur.
Bu gün səhər Hacıqabul rayonunun Ağacanlı kəndi istiqamətində də Kür bəndi dağıtmışdır. Uçmuş bənddən gələn suyu yaxınlıqdakı Hacıqabul gölünə yönəltmək mümkün olmuşdur.
Hadisənin fəsadlarının aradan qaldırılması üçün Fövqəladə Hallar Nairliyinin, “Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinin yüzə yaxın texnikası hadisə yerinə cəlb olunmuşdur. Bundan başqa, bu qurumların 180 nəfər canlı qüvvəsi və kənd sakinlərindən ibarət 1800 nəfərə yaxın canlı qüvvəsi hadisənin qarşısını almağa cəlb olunmuşdur. Günortadan sonra bəndin dağılmış hissəsi bərpa edilmişdir.
Hacıqabul Rayon Fövqəladə Hallar Komissiyasının sədri Sahib Aslanov bildirmişdir ki, bəndin uçmuş hissəsinin bərpası tamamilə başa çatdırılmışdır və həmin hissədə kənd üçün heç bir təhlükə yoxdur.
Xatırladaq ki, dünən gecə saatlarında Sabirabad rayonunun Azadkənd kəndində Kür bəndi uçurmuşdur və sel kəndə tərəf irəliləməkdədir. Suyu Bakı-Astara dəmiryolu xəttinin altından keçirib 20 min hektara yaxın boş sahəyə yönəltmək mümkün olmuşdur.
“Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadənin sözlərinə görə, suyun bir hissəsinin həmin əraziyə yönəldilməsi Kürün səviyyəsini aşağı salmağa imkan verəcəkdir.