ORDU
Kursantlar qəlpəli əl qumbarasından birinci çalışmanın şərtlərini yerinə yetiriblər
Bakı, 8 may, AZƏRTAC
Azərbaycan Ordusunda müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmət etmək istəyən kursantlara Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində (TTM) qəlpəli əl qumbarasından birinci çalışmanın yerinə yetirilməsi dərsləri keçirilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə kursantlar düzülərək praktiki təlimə hazır vəziyyətə gətirilib. Praktiki dərs zamanı birinci çalışmanın şərtləri icra olunub. Belə ki, müdafiədə qəlpəli əl qumbarasının uzaqlığa atılması dərsləri praktiki olaraq tədris edilib.
TTM-in atıcı silahlar silsiləsinin müəllimi, ehtiyatda olan polkovnik Elxan Cabbarov AZƏRTAC-a açıqlamasında bildirib ki, atışda əsas məqsəd kursantların çöl, müdafiədə səngərdən ayaq üstə əl qumbarasını uzaqlığa atma vərdişlərinin artırılmasından ibarətdir.
Əl qumbarasının atılmasından danışan TTM-in müəllimi deyib ki, müdafiə əl qumbarası olan F1 2016-cı ildə hərbi əməliyyatlarda, eləcə də Vətən müharibəsində geniş istifadə olunub. Xüsusilə Talış və Lələtəpə yüksəkliklərində qurulmuş erməni postlarının ələ keçirilməsi əməliyyatlarında bu qumbaralardan geniş istifadə edilib.