CƏMİYYƏT
“Laçın” dövlət sərhədindən buraxılış məntəqəsinin qurulmasının ildönümü münasibətilə silsilə tədbirlər keçirilib
Bakı, 23 aprel, AZƏRTAC
Aprelin 23-də “Laçın” dövlət sərhədindən buraxılış məntəqəsinin qurulması, bununla da Azərbaycan Respublikası dövlət sərhədlərinin tam bərpası tarixi hadisəsinin birinci ildönümü münasibətilə Dövlət Sərhəd Xidməti (DSX) aparatında, struktur qurumlarında və hərbi hissələrində silsilə tədbirlər keçirilib.
DSX-nin mətbuat mərkəzindən AZƏRTAC-a verilən məlumata görə, Azərbaycan Respublikasının Dövlət Himninin ifa edilməsi ilə başlayan tədbirlərdə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb.
Tədbirlərdə sərhədçilər tərəfindən Laçın-Xankəndi yolunun başlanğıcında dövlət sərhədindən buraxılış məntəqəsinin qurulması, fəxarət rəmzimiz olan dövlət bayrağının qaldırılması barədə Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevə məruzə edilməsi böyük qürur hissi ilə vurğulanıb.
Dövlətimizin başçısının “Laçın-Xankəndi yolunun başlanğıcında dövlət sərhədindən buraxılış məntəqəsinin qurulması ölkəmizin suveren hüququnun və ərazi bütövlüyünün təmin olunmasının ifadəsidir” deməklə bu tarixi hadisəyə yüksək qiymət verməsi tədbir iştirakçılarının diqqətinə çatdırılıb.
“Laçın” dövlət sərhədindən buraxılış məntəqəsinin fəaliyyətə başlaması nəticəsində Xocalıda və işğal altında olan digər ərazilərdə cinayət törətmiş bəzi terrorçuların saxlanılaraq istintaqa təhvil verilməsi təmin edilib.
Sonda “Laçın” dövlət sərhədindən buraxılış məntəqəsinin qurulmasının ildönümünə həsr olunmuş film nümayiş etdirilib.