Laçın rayonundan olan aztəminatlı ailələrə yardımların verilməsi davam etdirilir
Ağcabədi, 9 aprel, AZƏRTAC
Laçınlı məcburi köçkünlərin müvəqqəti məskunlaşdıqları ərazilərdə koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması istiqamətində Laçın Rayon İcra Hakimiyyəti tərəfindən məqsədyönlü tədbirlər həyata keçirilir. Eyni zamanda, xüsusi karantin rejiminin qaydalarına uyğun olaraq evdən çıxmaları qadağan olunan ahıl insanların sosial təcridinin gücləndirilməsi, bu yaş qrupuna aid sakinlərin virusa yoluxmadan mühafizəsini təşkil etmək məqsədilə yaşı 65-dən yuxarı olan tənha, kimsəsiz, şəhid, əlil və aztəminatlı ailələrə zəruri yardımlar göstərilir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, aprelin 9-da Laçın Rayon İcra Hakimiyyəti tərəfindən növbəti ərzaq yardımları və gigiyenik vasitələr Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu ərazisində müvəqqəti məskunlaşan, yaşı 65-dən yuxarı olan laçınlı tənha, əlil, kimsəsiz, şəhid və aztəminatlı ailələrə fərdi qaydada çatdırılıb. Laçın Rayon İcra Hakimiyyəti başçısı aparatının əməkdaşları və könüllülərlə birgə keçirilən xeyriyyə aksiyası zamanı gün ərzində 200 ailəyə yaşadıqları ünvanlarda ərzaq bağlamaları və gigiyenik vasitələr paylanılıb, onlara özlərinin və yaxınlarının sağlamlığı üçün xüsusi karantin rejiminin qaydalarına riayət etmələri, özünütəcrid tədbirlərinə uyğun davranmaları tövsiyə olunub.
Rayon sakinləri göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.