Laçın-Xankəndi yolunda daha 26 avtomobilin maneəsiz keçidinə şərait yaradılıb
Şuşa, 17 mart, Elmir Səftərov, AZƏRTAC
Rusiya sülhməramlılarına məxsus avtomobillər Laçın-Xankəndi yolunda dinc aksiya keçirilən ərazidə maneəsiz hərəkət edirlər.
AZƏRTAC xəbər verir ki, Xankəndidən Laçına doğru hərəkət edən Rusiya sülhməramlılarına məxsus dörd minik və iki təminat-təchizat avtomobili aksiya ərazisindən maneəsiz keçib. Bundan əlavə, sülhməramlıların 17 təminat-təchizat və üç minik avtomobilinin Xankəndi istiqamətinə sərbəst gedişinə şərait yaradılıb.
Bu, bir daha onu göstərir ki, aksiya iştirakçıları humanitar məqsədlərlə istifadə olunan avtomobillərin hərəkətinə heç bir maneə törətmirlər. Ermənistan mətbuatında yayılan və etirazçıların guya Xankəndi-Laçın yolunu bağladıqları və təminat avtomobillərini buraxmadıqları ilə bağlı xəbərlər qarşı tərəfin növbəti dezinformasiyasıdır.